Tarixdə bu gün – 23 aprel

UNESCO-nun qərarı ilə 23 Aprel Ümumdünya Kitab və Müəllif Hüququ Günü olaraq qeyd edilir.

  Ümumdünya kitab günü böyük yazıçılar Uilyam Şekspir, Migel de Servantes və İnke Qarsilaso de la Veqanın xatirəsinə həsr olunub. Hər üç yazıçı 1616-cı il aprelin 23-də həyatdan köçüb.  

***

  23 aprel 1918-ci ildə ermənilər Qubada müsəlman əhaliyə qarşı növbəti terror hadisəsi törətdilər. 10 gün davam edən vəhşiliklər nəticəsində 3 mindən çox dinc sakin qətlə yetirildi, 100-ə qədər ev yandırıldı, 125 kənd yerlə-yeksan edildi. 

***

  İstanbulun rəsmi olaraq işğal edilməsindən sonra Türkiyə Böyük Millət Məclisi 1920-ci ilin 23 aprel tarixində Ankarada açıldı və ilk iclasını keçirdi. “Milli hakimiyyət” prinsipini qəbul etmiş Mustafa Kamal Paşa yekdilliklə TBMM-nin ilk sədri seçildi.  

  Türkiyə Böyük Millət Məclisinin Ankarada qurulması hadisəsi keçmiş Osmanlı torpaqları üzərində qurulan Türkiyənin müstəqilliyi və dövlətçiliyinin qorunub-saxlanılması uğrunda mübarizənin əsas mərhələlərindən biri idi. Türkiyənin İstiqlal Müharibəsini (Kurtuluş Savaşı) idarə edən TBMM ölkədəki fərqli qrupları bir arada birləşdirməyi bacararaq cümhuriyyətini qurdu.

  1935-ci ildən 23 aprel Türkiyədə Milli Suverenlik və Uşaq Bayramı olaraq qeyd edilməyə başlandı.

***

  1923-cü ilin bu günü Qurtuluş Savaşından sonra düşmənləri torpaqlarından qovan Türkiyənin beynəlxalq məcrada varlığını qəbul etdirməsi və sülh müqaviləsinin bağlanılması üçün II Lozanna Sülh Konfransı toplandı.

***

  1946-cı ildə BMT Baş Assambleyasının sessiyası keçmiş ingilis müstəmləkəsi Fələstinin taleyi haqqında qətnamə qəbul etdi. Həmin qətnamədə yəhudi dövlətinin yaradılması da nəzərdə tutulurdu. Buna görə 1946-cı ildən aprelin 23-ü İsraildə bayram kimi qeyd olunur.

***

  UNESCO 1979-ci ili Uşaq İli elan etdikdən sonra elə həmin il ilk dəfə olaraq TRT tərəfindən 23 Aprel Beynəlxalq Uşaq Şənliyi adı altında mərasimlər keçirildi.

***

  2005-ci ilin 23 aprelində Türkiyə şairi və yazıçısı Sunay Akının 20 il ərzində 40-dan çox ölkədən aldığı oyuncaqlardan ibarət İstanbul Oyuncaq Muzeyi açıldı.

***

23 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır.

  Bu gün böyük ispan yazıçısı Migel Servantes Saavedranın (Miguel de Cervantes Saavedra) xatirə günüdür.

  1547-ci ildə dünyaya gələn Migel gəncliyində orduda xidmət edib, Lepanto dəniz döyüşündə qolunu itirib. Müharibədən qayıdarkən quldurların əlinə keçib və əlcəzairli zadəgana qul kimi satılıb. 5 il köləlik həyatından sonra vətəninə – Madridə qayıda bilib.

  Yaxın adamları və dostları tərəfindən atılan Servantes çörək pulu qazanmaq üçün qələmini sınamalı olub. “Qalateya” romanını, “Numansiya” vətənpərvərlik faciəsini və təxminən 30 pyes yazsa da, bunların heç biri yazıçıya uğur gətirməyib. Yalnız 1605-ci ildə qələmə aldığı “Don Kixot” əsəri Migel Servantesi dünya ədəbiyyatının klassikləri sırasına daxil edib. (1547-1616)

***

  23 aprel dünya ədəbiyyatının korifeylərindən olan Uilyam Şekspirin (William Shakespeare) də xatirə günüdür. O, 1564-cü ildə İngiltərənin Stratford-Eyvon şəhərində anadan olub.

  Ginnes rekordlar kitabında yazılan məlumata görə, pyeslərinin tamaşaya qoyulma tezliyinə görə Şekspir dünya dramaturqları arasında birincidir.  

  Şair-dramaturqun “Hamlet”, “Otello”, “Maqbet”, “Romeo və Cülyetta”, “Qış nağılı”, “Kral Lir”, “12-ci gecə” pyesləri Azərbaycan teatrlarının səhnələrində də dəfələrlə tamaşaya qoyulub. (1564-1616)

***

  Azərbaycanın görkəmli hərbi xadimlərindən biri, artilleriya general-leytenantı Əliağa Şıxlinski 1865-ci ilin bu günü dünyaya gəlib. Port-Artur müdafiəsi zamanı döyüşçü onun hünəri yüksək qiymətləndirilib, azərbaycan xalqının qəhrəman oğlu bütün Rusiyada məşhurlaşıb.

  Əliağa Şıxlinski Azərbaycan Demokratik Cümhuriyyəti dövründə müdafiə nazirinin müavini vəzifəsində çalışıb. O, 1943-cü il avqustun 18-də vəfat edib və Bakıda dəfn olunub. (1865-1943)

***

  Görkəmli fransız yazıçısı Moris Dryuon (Maurice Druon) 1918-ci ilin 23 aprelində Parisdə dünyaya gəlib. II Dünya Müharibəsi illərində müqavimət hərəkatında iştirak edib, hərbi müxbir kimi fəaliyyət göstərib. Fransa parlamentinin deputatı olub.

  Moris Dryuonun 7 kitabdan ibarət “Lənətlənmiş krallar” tarixi romanlar seriyası ona böyük şöhrət qazandırıb. Yazıçının “Zevsin memuarları”, “Böyük İskəndər, yaxud Tanrı haqqında kitab” əsərləri də maraqla qarşılanıb. (1918-2009)

QİA.az

Oxşar Xəbərlər