Tarixi qələbə qaçqın və məcburi köçkünlərimizin doğma yurdlarına yenidən qayıtmasına zəmin yaradıb – Arif Bayramov

Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması, qorunub saxlanılması və milli dövlət quruculuğu proseslərində əvəzsiz xidmətləri olan ümummilli liderimiz Heydər Əliyevin ordu quruculuğu istiqamətində gördüyü işlər bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə güclü ordunun yaradılması dövlət quruculuğunun prioritet istiqamətlərindən biri kimi müəyyən edilib və bu sahədə mühüm nailiyyətlər əldə olunub.

Məlum olduğu kimi, 27 sentyabr 2020-ci il tarixindən etibarən Azərbaycan xalqı torpaqlarımızın işğaldan azad olunması, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün Vətən müharibəsinə başladı. 30 il ərzində sülh yolu ilə geri alınmasına nail ola bilmədiyimiz torpaqlarımız ölkə başçısı, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Rəşadətli Ordusu tərəfindən 44 gün ərzində düşməndən azad edildi. Beləcə, qədim və şanlı tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsi Azərbaycan xalqının mübarizliyini, yenilməzliyini və həmrəyliyini bir daha dünyaya nümayiş etdirdi.

Azərbaycanın qaçqın və məcburi köçkün problem

Məlum olduğu kimi, ötən əsrin 80-ci illərinin sonları, 90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycana qarşı açıq formada ərazi iddiaları ilə çıxış etmiş və daha sonra hərbi təcavüzə başlamışdır. Erməni terroru nəticəsində yüz minlərlə soydaşımız doğma yurdlarından didərgin düşmüş, bir çoxları isə erməni faşizminin qurbanı olmuşdur. Nəticədə bir milyondan artıq soydaşımız öz ev-eşiyini itirmiş, məcburiyyət qarşısında daxili miqrasiyaya məruz qalmışdır. Bu baxımdan, miqrasiya prosesləri Azərbaycan üçün yeni bir məfhum deyil. Ermənistanın apardığı deportasiya, soyqırımı və təcavüzkarlıq siyasəti nəticəsində Azərbaycan həm də keçmiş SSRİ-də qaçqın və məcburi köçkün problemləri ilə üzləşən ilk respublika olmuşdur.

Məcburi köçkünlər Azərbaycan Respublikası ərazisində hərbi təcavüz nəticəsində daimi yaşayış yerini məcburi tərk edərək ölkənin müxtəlif bölgələrinə miqrasiya edən şəxslərdir. Şübhəsiz ki, bu gün ölkədaxili məcburi miqrasiyanın əsas subyektini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağdan və ona bitişik olan digər ətraf rayonlardan, habelə Ermənistan Respublikası ilə həmsərhəd rayonların həyat üçün təhlükəli yaşayış məntəqələrini tərk etmiş məcburi köçkünlər təşkil edir.

Ölkədaxili məcburi miqrasiyaya məruz qalanlar yüksək dövlət qayğısı ilə əhatə olunub

İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir” deyən xalqımızın ümummilli lideri Heydər Əliyev bu məsələni hər zaman diqqətdə saxlamışdır. Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində öz ata-baba yurdlarından didərgin düşmüş soydaşlarımızın qayğıları ümummilli liderimizin ən çox diqqət göstərdiyi məsələlərdən idi. Ulu öndər xalqın çağırışı ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra daxili miqrasiyaya məruz qalan qaçqın və məcburi köçkünlərin problemləri dövlət səviyyəsində diqqətdə saxlanıldı və onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olundular. Bu qayğı dahi rəhbərin layiqli davamçısı cənab İlham Əliyev tərəfindən sonrakı illərdə də davam etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il 14 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı”nda da bu mühüm məsələyə – miqrasiya proseslərinin tənzimlənməsinə, sosial-iqtisadi amillərlə bağlı daxili miqrasiyanın fəsadlarının aradan qaldırılmasına geniş yer ayrılmışdır. Ötən dövrdə ölkənin ayrı-ayrı şəhər və rayonlarında qaçqın və məcburi köçkün ailələri üçün 61 yeni qəsəbə salınmış, 150-dən artıq təhsil, 50-yə yaxın səhiyyə, 30-dan artıq rabitə müəssisəsi, onlarla mədəniyyət ocağı tikilib istifadəyə verilmiş, müvafiq infrastruktur yaradılmışdır. Daxili məcburi miqrasiya ilə üzləşən qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirilən məqsədyönlü tədbirlər bir daha təsdiq edir ki, miqrasiya proseslərinin tənzimlənməsi, o cümlədən daxili miqrasiyanın təzahürlərinin aradan qaldırılması dövlət siyasətinin prioritet vəzifələrindəndir. “Bilirsiniz ki, məcburi köçkünlər üçün Azərbaycanda görülən işlər heç bir başqa ölkədə görülmür. Dünyanın bir çox ölkələrində köçkünlər var, amma bizim köçkünlərimizin vəziyyəti o biri ölkələrdə yaşayan köçkünlərlə müqayisəedilməz dərəcədə müsbətdir…” – deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu mövzunun aktuallığını və əhəmiyyətini daim diqqətdə saxlayır.

10 noyabr bəyanatı və ya Ermənistanın kapitulyasiya aktının 7-ci bəndi

Müzəffər Ordumuzun apardığı haqq savaşında əsas məqsəd torpaqlarımızın erməni işğalından azad edilməsi, beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin bərpası və məcburi köçkünlərimizin öz yurdlarına geri qayıtmaq hüquqlarının təmin olunmasından ibarət idi. Məlum olduğu kimi, 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Qarabağda hərbi münaqişənin başa çatdığını ehtiva edən birgə bəyanat imzalanıb. Faktiki olaraq Ermənistanın kapitulyasiyası mənasını verən bəyanat həm hərbi, həm də siyasi baxımdan Azərbaycan xalqının haqq savaşındakı Şanlı Qələbəsini rəsmiləşdirmiş oldu. Ali Baş Komandan cənab İlham Əliyevin israrlı və qətiyyətli mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq üçün çıxış qrafikini təqdim etməyə məcbur qaldı.

Bəyanatın 7-ci bəndi isə 30 ilə yaxındır ölkədaxili məcburi miqrasiyanın əsas subyektini təşkil edən məcburi köçkünlərin doğma yurdlarına qayıtmasına zəmin yaratdı. Bəyanata uyğun olaraq daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Bu da o deməkdir ki, azərbaycanlı məcburi köçkünlər yaxın gələcəkdə Dağlıq Qarabağ ərazisinə qayıdacaqlar.

Böyük qayıdış başlayır – qaçqın və məcburi köçkünlərimiz tezliklə doğma torpaqlarına qayıtmaq arzusundadırlar

Qaçqın və məcburi köçkünlərin yenidən öz yurd-yuvalarına qayıtmaları istiqamətində ilk addımlar artıq atılmışdır. 2016-ci ilin aprel hadisələrində ordumuzun əldə etdiyi parlaq qələbədən sonra yüzlərlə məcburi köçkün Cəbrayılın Cocuq Mərcanlı kəndinə qayıtdı. Cocuq Mərcanlıya qayıdış sübut etdi ki, digər qaçqın və məcburi köçkünlərimiz də tezliklə Qarabağa – öz ev-eşiklərinə köçəcəklər.

Artıq məcburi köçkünlərimiz hər açılan sabaha böyük ümidlə baxırlar. 30 ilə yaxındır ki qəlbi Vətən eşqi ilə döyünən, doğma ev-eşiyindən didərgin düşərək daxili məcburi miqrasiyaya məruz qalan köçkünlərimiz tezliklə öz dədə-baba yurdlarına qayıdacaq, bundan sonra da yüksək dövlət qayğısı ilə əhatə olunacaqlar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Məcburi köçkünlərin öz doğma torpaqlarına, əsrlər boyu xalqımızın yaşadığı ərazilərə geri qaytarılması təcavüzkar və işğalçı Ermənistana qarşı aparılan mübarizənin və əldə olunan möhtəşəm qələbənin əsas məqsədlərindəndir. Məhz buna görə də məcburi köçkünlər öz doğma yurdlarına qayıtmaq istəyirlər və onlar bunu ölkə rəhbərliyinə, eləcə də Dövlət Komitəsinə son dövrlərdə yüzlərlə edilən müraciətlərində ifadə edirlər. Onlar nəinki qayıtmaq, həmçinin işğaldan azad olunmuş torpaqlarımızda quruculuq işlərində fəal iştirak etmək əzmində olduqlarını daim bildirirlər”.

Ötən dövrdə dövlət başçısının qərarı ilə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən məcburi köçkünlərlə bağlı müxtəlif sorğular keçirilib. Sorğuların yekdil nəticəsinə əsasən bu gün məcburi köçkün və qaçqın soydaşlarımızın mütləq əksəriyyəti – 95 faizindən çoxu doğma torpaqlarına qayıtmaq niyyətindədir. Hətta məcburi köçkün və qaçqınların yarıdan çoxu (51,1 faizi) işğal altında olan ərazilərdəki evlərinin sənədlərini, hətta açarlarını belə saxlamaqdadır. Sevindirici haldır ki, sorğuda iştirak edənlər sırasında gənclər xüsusi üstünlük təşkil edib və onların 90 faizindən çoxu işğaldan azad olunan ərazilərə qayıtmağı, orada işləməyi planlaşdırır.

Bu gün işğaldan azad edilən torpaqlarda təhlükəsizliyin təmin olunması, ərazilərin minalardan təmizlənməsi, gələcəkdə insanların rahat və firavan yaşaması istiqamətində davamlı və məqsədyönlü tədbirlər reallaşdırılır. Dövlətimizin hərtərəfli qayğısı ilə yaxın gələcəkdə əzəli və əbədi yurdumuz olan Qarabağ yenidən cənnət məkana çevriləcək, o torpaqlara yeni həyat veriləcəkdir.

Cənab Prezident artıq qalib bir ölkənin dövlət başçısıdır

Reallıq budur ki, ölkə Prezidenti cənab İlham Əliyev vaxtilə daxili məcburi miqrasiya proseslərinə məruz qalmış bir milyondan çox qaçqın və məcburi köçkünün ən böyük arzusunu, xəyalını gerçəkləşdirdi. Bu gün xalqımızın qəhrəman övladlarının canı və qanı bahasına işğaldan azad edilmiş torpaqlara qayıtmaq, bu müqəddəs torpaqları dirçəltmək, canlandırmaq, o yerlərdə yeni evlər tikmək, təsərrüfat sahələri yaradaraq, bir sözlə, burada daimi məskunlaşmaq arzusu və amalı məcburi köçkün həmvətənlərimizin Vətənə və milli dəyərlərə sadiqliyinin bariz nümunəsidir. 30 ilə yaxın müvəqqəti yaşayış yerlərinə sığınan məcburi köçkünlər artıq bu adı öz üstlərindən götürüblər. İndi onlar bütövlüyü təmin edilmiş bir ölkənin azad vətəndaşları, doğma Qarabağa qayıtmağa hazırlaşan məğrur qarabağlılardır.

Qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət dövlət başçısının milli təəssübkeşliyindən xəbər verir. Bu siyasət xalqımız tərəfindən də yüksək qiymətləndirilir. Dövlətimiz qaçqın və məcburi köçkün məsələlərinin həlli istiqamətində hər zaman böyük səy göstərib. Bu gün Azərbaycan dünyadakı qaçqın və məcburi köçkün problemlərinin həllinə töhfə vermək üçün böyük imkanlara və təcrübəyə malikdir. Dünyanın bir sıra aparıcı beynəlxalq təşkilatları, o cümlədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Azərbaycanda qaçqınlara və məcburi köçkünlərə göstərilən qayğını çox yüksək qiymətləndirir və bir çox hallarda ölkəmizi bu sahədə nümunəvi ölkə adlandırırlar.

Arif BAYRAMOV

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

QARABAĞ İNFORMASİYA AGENTLİYİ

Oxşar Xəbərlər