Tayvanda sərnişin qatarının qəzaya uğraması nəticəsində 4 nəfər ölüb, 27 nəfər xəsarət alıb.
“QİA.az” xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.
Hadisə yerli vaxtla saat təxminən 09:00-da (Bakı vaxtı ilə 05:00) “Datsin” tünelindəki Huayalyan bölgəsində baş verib. Qatar səkkiz vaqondan ibarət olub, 350 sərnişin daşıyırmış.
Qəza nəticəsində ikinci və üçüncü vaqonlar relsdən çıxıb. Ümumilikdə ilk üç vaqondan 60 nəfər artıq xilas edilib, dördüncü və beşinci vaqonlar ciddi şəkildə zədələnib, xilasetmə əməliyyatı aparılır.
Agentlik təcili tibbi yardım xidmətinə istinadən bildirir ki, “ilkin məlumatlara görə, hadisə yerində həyat əlamətləri olmayan çox sayda adam var”.
Bildirilir ki, qəzaya səbəb dəmir yolları üzərində “pis park edilmiş” mühəndis avtomobili ilə toqquşma olub.