“Təmiz hövzələr” aksiyası davam edir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Təmiz hövzələr” aksiyası çərçivəsində növbəti tədbir Baş Şirvan kollektorunun Salyan rayonundan keçən hissəsində keçirilib. 

Bu barədə “QİA.az”a ETSN-nin Mətbuat Xidmətindən məlumat verilib.

Nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, bu gün baş tutan aksiyaya Azərbaycan Həvəskar Balıqçılar İttifaqının əməkdaşları da qoşulub.

 O qeyd edib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin, Su Nəqliyyatında Polis İdarəsinin, Azərbaycan Həvəskar Balıqçılar İttifaqının əməkdaşlarının və ekokönüllülərin iştirak etdiyi aksiya çərçivəsində Baş Şirvan kollektorunun 18 kilometrdən artıq sahəsi sintetik torlardan və  plastik tullantılardan təmizlənib.

“Aksiyanın keçirilməsində məqsəd ölkənin su hövzələrində balıq ehtiyatlarını qorumaq, onların təbii populyasiyasını artırmaq, su hövzələrində çirklənməni azaltmaq, icazə verilən ərazilərdə, icazə verilən alətlərlə balıq ovu qaydalarını təbliğ etməkdir.

Hər bir vətəndaşı faunamıza dost münasibət bəsləməyə, onu qorumağa, qadağan olunmuş alətlərlə balıq ovlayanları isə bu işlərdən çəkinməyə, sintetik torlardan istifadə etməməyə çağırırıq”.

S.Məmmədovanın sözlərinə görə,  “Təmiz hövzələr” aksiyası çərçivəsində yığılmış sintetik torlar və plastik tullantılar təkrar emal üçün AzEkol şirkətinə təhvil verilib.

Oxşar Xəbərlər