Məşhur “The Beatles” qrupunun pərəstişkarları qrup üzvlərinin karyeralarına başladıqları klubun yerləşdiyi “Victoria” malikanəsində gecələyə biləcəklər.
QİA.az xəbər verir ki, bu barədə AZƏRTAC xarici mətbuata istinadla məlumat verir ki, Liverpuldakı “Casbah Coffee Club” qrupun ilk təbil ifaçılarından biri olan Pit Bestin (sonralar Rinqo Star ilə əvəz olundu) təşəbbüsü ilə qonaq evinə çevrilib.
Bu klub qrupun pərəstişkarlarının yaxşı tanıdığı məkanlardan biridir. Klub 1959-cu ildə ailə evinin zirzəmisində Pit Bestin anası Mona Best tərəfindən açılıb. Burada Con Lennonun ilk qrupu olmuş “Quarrymen”in 13 və “The Beatles”ın 40-dan çox çıxışı olub.
Klubun yerləşdiyi binanın üst hissəsindəki yerlər artıq qısamüddətli icarəyə verilir. “Beatles” pərəstişkarlarına Pol Makkartni, Con Lennon və ya Corc Harrisonun lüks nömrələri arasında seçim etmək imkanı verilib. Digər otaq “The Beatles” debüt qrupunun bas gitara ifaçısı Stüart Satkliffə həsr olunub. Lakin burada Rinqo Starrın adı ilə bağlı olan otaq yoxdur, çünki o, klubun bağlandığı 1962-ci ildə qrupa qoşulub.
Lüks otaqlar qrupun xatirə əşyaları ilə bəzədilib. Zirzəmi qrupun musiqi ifa etdiyi dövrdə olduğu kimi qalıb: zərb alətləri hələ də nümayiş etdirilir, tavanda isə məşhur “John, mən qayıtdım” ifadəsi həkk olunub.