Tibb işçilərinə oktyabr ayı üzrə 13.5 milyon manat müddətli əlavə ödənilib

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə oktyabr ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödəyib.

Agentlikdən “QİA.AZ”a verilən məlumata görə, Bakı şəhəri üzrə 29, respublikanın digər şəhər və rayonları üzrə 96 dövlət tibb müəssisəsinin 9405 nəfər tibb işçisinə və 2369 nəfər qeyri-tibb işçisinə oktyabr ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 13.5 milyon manat müddətli əlavə ödənilib.

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib:

Tibbi profilaktik tədbirləri həyata keçirən 2093 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 1.7 milyon manat ödənilib.

Ay ərzində iş günlərinə/saatlarına mütənasib hesablama düsturu: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı / aylıq iş günlərinin sayı və ya iş saatları) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli

Nümunə olaraq poliklinikada çalışan həkim terapevtin 13-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli 468 manat 46 qəpik müddətli əlavə almalıdır. 468.46 = ((406 / 26) x 10) x 3. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.

Təcili tibbi yardım xidməti göstərən 3765 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 344 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 5.8 milyon manat ödənilib.

Nümunə olaraq, təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 15-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 440 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 120 saat işə cəlb olunubsa, deməli 1353 manat 85 qəpik müddətli əlavə almalıdır. 1353.85 = ((440 / 156) x 120) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.

Pasiyentlərə stasionar tibbi xidmət göstərən 3203 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 4.1 milyon manat ödənilib.

Nümunə olaraq, xəstəxanada çalışan həkimin 15-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 440 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli 846 manat 15 qəpik müddətli əlavə almalıdır. 846.15 = ((440 / 26) x 10) x 5. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.

Onu da qeyd edək ki, 2369 nəfər qeyri-tibb işçisinə 3-5 misli məbləğində 1.9 milyon manat müddətli əlavə verilib.

Nümunə olaraq, təcili və təxirəsalınmaz tibbi yardımda çalışan sürücünün 3-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 271 manatdır. 5 günlük iş həftəsində çalışan sürücü koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli 369 manat 55 qəpik müddətli əlavə almalıdır. 369.55 = ((271 / 22) x 10) x 3. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə cari ilin noyabr və dekabr ayları üzrə də iş vaxtına mütənasib olaraq ödəniləcək.

Oxşar Xəbərlər