Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağ tunelinin inşası davam etdirilir

Okt6,2021

Avqustun 16-da Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olarkən Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11,6 kilometrlik tunelin təməlinin qoyulması mərasimindən dərhal sonra genişmiqyaslı tikinti işlərinə başlanılıb.

“QİA.AZ” xəbər verir ki, Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80,7 km təşkil edir. Layihənin 13,5-ci km-lik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1 700 m-dən Murovdağ zirvəsinədək 3 250 m-ə qədər artır.

Burda qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Ona görə də çətin relyefə malik ərazidə 31.5 km-lik yolun tikilməsi əvəzinə bu hissənin Murovdağ silsiləsinin altından 11,6 km-lik tunel ilə keçilməsi daha məqsədəuyğun hesab edilib. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq.

Murovdağ tunelinin sol hərəkət istiqaməti üzrə üst yarı hissədə 125 metr, sağ istiqamət üzrə üst yarı hissədə isə 115 metr qazma işləri aparılıb. Hazırda tuneldə qazma, partlatma və qırıcı üsulları ilə tunelin qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması işləri davam etdirilir.

Oxşar Xəbərlər