Tomas Bax yenidən Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti seçilib.
QİA.AZ xəbər verir ki, seçki BOK-un 137-ci sessiyası çərçivəsində təşkil olunub. Səsvermə zamanı 93 nəfər onun lehinə, bir nəfər isə əleyhinə səs verib.
T.Bax bu posta yeganə namizəd olub. O, növbəti 4 il müddətində quruma rəhbərlik edəcək.
Sessiyanın əvvəlcə Afinada keçirilməsi planlaşdırılsa da, lakin koronavirus pandemiyası səbəbindən tədbir onlayn baş tutub. Bu formada iclas, təşkilatın bir əsrdən çox tarixi ərzində ikinci dəfə keçirilir.
Altmış yeddi yaşlı Tomas Bax 2013-cü ildə Buenos Ayresdə BOK prezidenti seçilib. O, bu vəzifədə belçikalı Jak Roqqu əvəz edib.
Sessiya martın 12-də başa çatacaq. İclasda, həmçinin, 2025-ci ilədək Olimpiya hərəkatının 15 bənddən ibarət olan inkişaf strategiyası təsdiqlənəcək. Bu, 2013-cü ildə təsdiqlənmiş proqramın davamı olacaq.