Tomislav Mişura: “Neftçi”dəki çempionluğu unutmaq mümkün deyil”

İyn27,2021

“Bura gələndə yolda uşaq kimi sevinirdim. Çünki uzun illər əvvəl “Neftçi”də oynamışam. Meydanı və futbolçuları görəndən sonra elə hiss etdim ki, sanki bu dəqiqə isinmə hərəkətlərini yerinə yetirib məşqə çıxacağam. İnanılmaz hisslərdir”.

“QİA.az”ın məlumatına görə, bu fikirləri “Neftçi”nin sabiq futbolçusu Tomislav Mişura klubun rəsmi televiziyasına müsahibəsində deyib.

Sloveniyada təlim-məşq toplanışında olan flaqmanı ziyarət edən veteran hələ də futbol sahəsində çalışdığını bildirib: “Bundan əlavə, yaxtaların daxili dizaynı ilə məşğul olan şirkətdə işləyirəm. Bu, sevdiyim və mənə doğma olan ikinci sahədir. Çünki orada taxta, daş və dənizdən zövq alıram”.

“Neftçi”dəki karyerasından da söz açan sloveniyalı keçmiş forvard flaqmanla çempionluğu yaxşı xatırladığını söyləyib: “Çox gözəl hisslər idi. Bunu unutmaq mümkün deyil. Bütün azarkeşlər mənə tərəf qaçır, qucaqlayıb-öpürdülər. “Neftçi” ötən mövsüm çempion olanda da eyni hissləri yaşadım. Sanki mən də həmin komandada oynayırdım. Çempionluğun futbolçular, ümumiyyətlə, bütün heyət üçün necə əhəmiyyət kəsb etdiyini bilirəm”.

Mişura paytaxt klubundan ayrılmasının səbəbini də açıqlayıb: “2006-cı ildə şəxsi problemlərimə görə klubu tərk etdim. Həmin vaxt dayım vəfat etdiyi üçün nənəm özünü piss hiss edirdi. Evə getmək, ailəmlə daha çox vaxt keçirmək istəyirdim. “Neftçi”də gözəl vaxt keçirdim. Düşünürəm ki, bu hadisə baş verməsəydi, komandada qalacaqdım”.

Veteran futbolçu sabiq komandasının Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində keçirəcəyi oyunlara da toxunub: “Məncə, “Neftçi”nin yaxşı şansı var. Eşitdiyimə görə, “Dinamo”nun çempionat matçları davam edir. “Neftçi” isə oyunlara indi başlayır. Bununla belə, ümid edirəm ki, qazanan tərəf “Neftçi” olacaq”.

Mişura sonda “Neftçi” azarkeşlərinə səslənib və onları heç vaxt unutmadığını bildirib: “Həmişə dəstək versinlər ki, komanda zirvədə olsun”.

Qeyd edək ki, 2005/2006 mövsümündə “Neftçi”də çıxış etmiş Tomislav Mişura Azərbaycan çempionu olub.

Oxşar Xəbərlər