Bu gün Türkiyədə “Hakimiyyət qeyd-şərtsiz millətindir” prinsipinin dövlət idarəçiliyində tətbiq olunmasından 97 il ötür.
“QİA.AZ” xəbər verir ki, İstiqlaliyyət Müharibəsinin zəfərlə nəticələnməsinin ardınca böyük öndər Mustafa Kamal Atatürk yeni türk dövlətinin yolunu müasirləşmə və demokratiya istiqamətinə çevirib.
Ankaranın Türkiyə dövlətinin hökumət mərkəzi olmasından sonra mövcud idarəçiliyin adının qoyulması və yeni dövlət başçısının seçilməsi lazım idi. O günədək dövlət başçılığı vəzifəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Kamalda olub.
1923-cü ilin oktyabrın 25-də hökumətin istefası Mustafa Kamala cümhuriyyətin elan edilməsi üçün fürsət yaradıb. Oktyabrın 29-da saat 20:30 radələrində TBMM-nin iclasında iştirak edən 158 nəfər səsi ilə cümhuriyyət elan edilib.
Bu hadisədən sonra prezident seçkiləri keçirilib. Məclisdə aparılan gizli səsvermədə 158 millət vəkilinin yekdilliyi ilə Mustafa Kamal Atatürk yeni türk dövlətinin ilk prezidenti seçilib.
Beləliklə, dövlətin adı və idarəçilik forması ilə əlaqədar müzakirələrə son qoyulub. İlk hökumətin baş naziri İsmət İnönü, TBMM Sədri isə Fethi Okyar olub.
1925-ci ildən başlayaraq cümhuriyyətin quruluşu Türkiyədə milli bayram olaraq qeyd olunur.