Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Türkiyə Gənclər Fondu (TÜGVA) ölkəmizdə bir neçə günlük səfərdədir.
Gənclər Fondundan QİA.AZ-a bildirilib ki, məqsəd iki ölkənin gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsi, Azərbaycan həqiqətlərinin, Ermənistan silahlı qüvvələrinin təxribat, terror əməllərinin qardaş ölkədən olan gənclərə çatdırılması və ortaq fikir mübadiləsinin aparılmasıdır.
Səfərin ilk günündə – 2 noyabr tarixində TÜGVA-nın idarə heyətinin üzvlərinin Gənclər Fondu, Gənclər və İdman Nazirliyi, Dövlət Diaspora Komitəsinin nümayəndələri ilə görüşü baş tutub.
Elə həmin gün iki ölkənin gəncləri arasında “I Azərbaycan-Türkiyə Gənclər Forumu” keçirilib. Görüşdə Azərbaycandan olan müxtəlif gənclər təşkilatlarının nümayəndələri və Türkiyədən olan gənclərdən ibarət nümayəndə heyəti iştirak edib. Bununla yanaşı, qardaş ölkədən bir qrup gənc foruma onlayn formada qatılıb.
Forumda gəncləri narahat edən bir çox məsələlər, eləcə də ümummilli maraqlara dayanan mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. Görüşün sonunda Türkiyə və Azərbaycandan olan gənclərin gələcəkdəki əməkdaşlığına, eləcə də Ermənistanın cinayət əməlləri pislənərək, dünya ictimaiyyətinə çatdırılmasına və bu istiqamətdə gənclərin üzərinə düşən öhdəliklərə dair bəyanat qəbul edilib.
Qeyd edək ki, ölkəmizdə səfərdə olan Türkiyə Gənclər Fondunun nümayəndələri növbəti gün Bərdə və Gəncə şəhərlərinə səfər edəcəklər.