Türkiyə iqtisadiyyatına 2003-cü ildən bəri 262 milyard dollar sərmayə qoyulub.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası yanında Sərmayələr üzrə ofisin rəhbəri Burak Dadlıoğlu bildirib.
Onun sözlərinə görə, birbaşa xarici investisiyalar son iyirmi ildə hər il orta hesabla 5,3 faiz artan Türkiyə iqtisadiyyatının fəal artım amillərindən biri olub.
“Özəl sektorda iş yerlərinin 8,8 faizə qədəri xarici investorların birbaşa töhfələri sayəsində açılıb. Yenə də, xarici iştirakı olan şirkətlər Türkiyə ixracının 30 faizinə qədərini təmin edirlər. Türkiyədə tədqiqatlara və malların işlənib hazırlanmasına qoyulan sərmayələrin üçdəbirinə qədəri onların payına düşür”, – deyə Dadlıoğlu bildirib.
O qeyd edib ki, Ankara qarşısına region ölkələrinə yatırılan bütün xarici sərmayələrin 12 faizinə qədərini cəlb etmək məqsədini qoyur. “Bu gün Türkiyə cəlb edilən investisiyaların həcminə görə Polşadan sonra ikinci yerdədir və bu yaxşı göstəricidir”, – deyə Sərmayələr üzrə ofisin rəhbəri əlavə edib.
B.Dadlıoğlu Rəcəb Tayyib Ərdoğanın ölkəyə rəhbərlik etdiyi dövrdə ölkənin iqtisadi sıçrayışının sübutu kimi ixracın göstəricilərinə diqqət çəkib: “Hələ 20 il bundan əvvəl Türkiyə ixracının həcmi 30 milyard dollara yaxın idi, bu gün isə biz 254 milyard dollardan bəhs edirik”, – deyə ofis rəhbəri bildirib.
Onun sözlərinə görə, Ankara çalışır ki, dünyanın aparıcı şirkətləri regional ofislərini məhz Türkiyədə açsınlar, bu da həmçinin ölkənin iqtisadi mövqeyinin dünyada möhkəmlənməsinə köməklik edir.