Türkiyə HHQ İraqın şimalındakı Hakurk və Kandil bölgələrində həyata keçirilən hava əməliyyatları zamanı 25 PKK terrorçusunu məhv edib.
“QİA.az” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar bildirib.
Onun sözlərinə görə, məhv edilən yaraqlılar arasında bir qruplaşma başçısı da var.
“Biz xəbərdarlıq edirdik ki, PKK terror təşkilatı özünü heç yerdə, o cümlədən Kandildə də rahat hiss etməyəcək. Terrorçuların qaçacaq yeri yoxdur”, – Akar deyib.
Nazirin sözlərinə görə, Türkiyə xüsusilə FETÖ, PKK/YPG və DEAŞ tərəfindən ölkənin və millətin təhlükəsizliyinə yönəlmiş bütün təhdid və təhlükələrə qarşı mübarizəni davam etdirir.
“Biz ölkəmizin enerjisini udan terrora son qoymaq və 83 milyonluq xalqımızı terror fəlakətlərindən xilas etmək əzmindəyik”, – Akar əlavə edib.