“Hazırda Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) ötürücülük gücü 16 milyard kubmetr təşkil edir. Əlavə kompressor stansiyaları inşa edilərək, bu həcmlərin 31 milyard kubmetrə çatdırılması mümkün olacaq”.
QİA.AZ-ın məlumatına görə, bunu TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol Türkiyə mətbuatına bildirib.
Onun sözlərinə görə, bu, Türkiyənin növbəti illərdə ehtiyac yaranarsa 15 milyard kubmetr əlavə qaz almaq imkanı yaradacaq.
S. Düzyol bildirib ki, “Şahdəniz” təbii qaz yatağı sahəsində layihə sazişinin imzalanması zamanı Türkiyənin TPAO şirkətinin payı 10 % təşkil edirdi: “Bu gün bu şirkətin layihədəki payı 19 %-ə çatıb. Bununla da, Türkiyə tərəfi bu yataq hesabına yalnız nəqletmədə deyil, həmçinin hasilatda da mövqeyini gücləndirəcək. Bununla da hasil edilən qazın satışından daha çox gəlir qazanma imkanı əldə edib”.
Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.