Türkiyə Prezidenti İraqa rəsmi səfərə gedib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 13 ildən sonra ilk dəfə İraqa rəsmi səfərə yola düşüb.

QİA.az xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

R.T.Ərdoğan İraq Prezidenti Əbdüllətif Camal Rəşid, Baş nazir Məhəmməd Şiya əs-Sudani ilə görüşəcək.

Bildirilib ki, səfər çərçivəsində təhlükəsizlik başda olmaqla ticarət əlaqələri, su problemi, təbii qaz və neft ixracı məsələləri müzakirə olunacaq. Tərəflər arasında terrora qarşı mübarizə mərkəzinin yaradılması planlaşdırılır.

Məlumata görə, Türkiyə və İraq 2030-cu ilədək ticarət dövriyyəsini 20 milyard dollara çatdırmaq istəyir.

R.T.Ərdoğanı səfərdə xarici işlər naziri Hakan Fidan, daxili işlər naziri Əli Yerlikaya, milli müdafiə naziri Yaşar Güler, ticarət naziri Ömər Bolat, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı, sənaye və texnologiya naziri Fatih Kacır, Prezident Administrasiyasının kommunikasiya idarəsinin rəhbəri Fahrettin Altun, prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri səfir Akif Çağatay Kılıç müşayiət edir.

Oxşar Xəbərlər