Türkiyədə prezident və parlament seçkiləri ilə bağlı aparılan təbliğat kampaniyası bu gün yerli vaxtla saat 18:00-da dayandırılıb.
QİA.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, prezidentliyə namizədlər və siyasi partiya nümayəndələri son çıxışlarını TRT telekanalları və radioları vasitəsilə ilə ediblər. Parlament seçkilərinə qatılan 24 partiyanın təmsilçiləri saat 12:53-dən etibarən püşklə müəyyənləşən sıra ilə vədlərini seçicilərə çatdırıb.
Prezident seçkiləri və 28-ci dövr parlament seçkiləri üçün ölkə üzrə 973 dairə və 1094 dairə seçki komissiyasında 191 mindən çox seçki qutusu qurulacaq.
Seçkidə ölkədə 60 milyon 697 min 843 seçici səs verəcək. Onlardan 4 milyon 904 min 672 seçici ilk dəfə səs verəcək. Cəzaçəkmə müəssisələrində cəza çəkən və ehtiyatsızlıqdan cinayət törətməkdə təqsirli bilinən seçicilərin sayı 53 172 nəfərdir.
Türkiyə daxilində səsvermə sabah saat 08:00-da başlayacaq və 17:00-da başa çatacaq. Lakin saat 17.00 olsa da, seçki qutusunda səs vermək üçün gözləyən seçicilər sədr tərəfindən hesablandıqdan sonra növbə ilə səslərini verəcəklər.
Prezident seçkisində Rəcəb Tayyib Ərdoğan, Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və Ata İttifaqının namizədi Sinan Oğan mübarizə aparırlar. Məmləkət Partiyasının sədri Muharrem İncə seçkilərə üç gün qalmış namizədliyini geri götürüb.
Prezident seçkilərinin ilk turunda namizədlərin heç biri 50 faizdən çox səs toplaya bilməsə, mayın 28-də səsvermənin ikinci turu keçiriləcək.
Türkiyə üzrə ümumi parlament seçkilərinə isə 24 siyasi partiya və 151 müstəqil deputat namizədi qatılacaq.