Türkiyə telekanalında Azərbaycanla bağlı veriliş yayımlanır

Türkiyənin EsTV telekanalında Azərbaycanla bağlı veriliş yayımlanır.

“QİA.AZ” xəbər verir ki, “Üç çizgi” adlı televiziya proqramı Eskişehir Azərbaycanlıları Dərnəyi tərəfindən ərsəyə gətirilir.

Verilişin məqsədi Azərbaycanın tarixini, mədəniyyətini, adət-ənənələrini, görkəmli şəxsiyyətlərini, eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərini, o cümlədən Türk Dünyası ölkələri arasındakı əlaqələri yerli ictimaiyyətə çatdırmaq və aşılamaqdır.

Artıq Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri, Dövlət himninin müəllifi, şair Əhməd Cavad, 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün tarixi, Cənubi Azərbaycan, görkəmli müəğnni Rəşid Behbudov, 20 Yanvar faciəsi, Məhəmməd Əmin Rəsulzadə haqqında verilişlər efirə gedib. Eyni zamanda ötən il sentyabrın 27-də başlayan və noyabrın 8-də zəfərlə başa çatan İkinci Qarabağ müharibəsi ilə bağlı da 4 veriliş hazırlanıb. Bundan başqa, Eskişehir Azərbaycanlıları Dərnəyinin rəhbəri Cavid Aydın, Dərnəyin sədr müavini Sirac Yaquboğlu, professor Toğrul İsmayıl, keçmiş ordu generalı Yücel Karauzun iştirakı Azərbaycandakı son vəziyyət, Qarabağ məsələsi, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı və s. mövzular müzakirə olunub.

Qeyd edək ki, Eskişehir Azərbaycanlıları Dərnəyi 2010-cu ildə yaradılıb. Əsas məqsədi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq olan dərnək bu günədək Azərbaycan tarixini və mədəniyyətini təbliğ edən yüzlərlə layihə həyata keçirib.

Oxşar Xəbərlər