Türkiyədə İstanbul Hava Limanından istifadə edərək Meksika, Panama, Kolumbiya və Venesuelaya tranzit yolla səyahət edəcək 10 ölkənin vətəndaşları üçün elektron hava limanı tranzit vizası məcburiyyəti tətbiq olunub.
Qlobal səviyyədə qeyri-qanuni miqrasiya halları ilə bağlı həm tranzit, həm də təyinat ölkəsi olan Türkiyə qeyri-qanuni miqrasiya ilə mübarizədə beynəlxalq ictimaiyyətin ən fəal üzvlərindən biridir.
Bu baxımdan da son dövrlər Türkiyə üzərindən tranzit hava yolu imkanlarından istifadə edərək müxtəlif Mərkəzi və Latın Amerikası ölkələri vasitəsilə Şimali Amerikaya gedən qeyri-qanuni mühacirlərin sayının artması ilə əlaqədar beynəlxalq aviasiya qaydaları çərçivəsində yoxlamalar artırılıb.
Türk Hava Yolları (THY) mart ayında Cənubi Amerika ölkələrinə səyahət edən sərnişinlər üçün xəbərdarlıq etmişdi ki, uçuşlarda sərnişinlərin qəbulu üçün pasport və viza tələbləri kimi ümumi qaydalara əlavə olaraq bəzi əlavə yoxlamalar da tətbiq oluna bilər.
Diplomatik mənbələrdən əldə edilən məlumata görə, bu çərçivədə Türkiyə Xarici İşlər Nazirliyi elektron hava limanı tranzit vizası (e-HTV) müraciətinin həyata keçirilməsi üçün lazımi hazırlıqları tamamlayıb.
Beləliklə də, 15 aprel tarixindən etibarən İstanbul Hava Limanından istifadə edərək Meksika, Panama, Kolumbiya və Venesuelaya tranzit keçəcək Hindistan, Əfqanıstan, Nepal, Burkina-Faso, Qvineya, Çad, Somali, Kamerun, Mavritaniya və Yəmən vətəndaşları elektron hava limanı tranzit vizası almaq məcburiyyətindədirlər.
Mənbə: Haber Global