Hazırda Türkiyədə qeydiyyatda olan 4 milyon 437 min əcnəbi yaşayır. Onlardan 3 milyon 103 mini müvəqqəti qoruma altında olan suriyalı, 1 milyon 109 mini yaşayış icazəsi ilə ölkədə yaşayanlar, 224 mini isə beynəlxalq qoruma altında olanlardır.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.
Nazirin sözlərinə görə, dünyada 300 milyon immiqrant var. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesablamalarına görə, bu 300 milyondan 123 milyonu evlərindən didərgin edilənlər, 47 milyonu isə qoruma altında olanlardır.
Ölkədə aparılan qeyri-qanuni miqrasiya və insan qaçaqmalçılığı ilə mübarizənin davam etdiyini vurğulayan Ali Yerlikaya Suriyanın şimalında keçirilən üç əməliyyat nəticəsində orada yaradılan təhlükəsiz bölgədən miqrasiya potensialı olan 4 milyondan çox insanın Türkiyəyə köçünün qarşısının alındığını deyib.
Türkiyənin sərhəd təhlükəsizliyi ilə bağlı məlumat verən nazir ötən ilin əvvəlindən indiyədək 202 min 705 qeyri-qanuni miqrantın ölkəyə girişinin qarşısının alındığını bildirib.
Qeyd edilib ki, Türkiyənin 81 vilayətində yaradılan səyyar immiqrasiya məntəqələri vasitəsilə təxminən 1 milyon 200 min nəfərin sorğusu aparılıb və onlardan 126 min 766-nın ölkədə qanunsuz yaşadığı aşkarlanıb. Türkiyənin 25 şəhərində 32 repatriasiya mərkəzi var və bu mərkəzlər vasitəsilə 121 xüsusi uçuşla 22 min 987 qeyri-qanuni miqrant ölkədən deportasiya edilib.