Türkiyənin Balıkesir vilayətində İkinci Qarabağ müharibəsi şəhidi Məmmədağa Səfərovun xatirəsi anılıb.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, Balıkesir Valiliyi, Balıkesir Şəhəri üzrə Təhsil İdarəsi və şəhidin adının verildiyi Məmmədağa Səfərov adına Anadolu liseyinin təşkilatçılığı ilə keçirilən tədbirdə şəhidin valideynləri Rəna və Balakişi Səfərovlar, Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova, Azərbaycanın Türkiyədəki Hərbi Attaşeliyinin əməkdaşları, Türkiyənin milli güləşçisi, Avropa və dünya çempionu Yasemin Adar, Türkiyənin Balıkesir üzrə rəsmi qurumlarının rəhbər şəxsləri, eləcə də şəhidin təhsil aldığı və adının verildiyi təhsil müəssisələrinin müəllim, tələbə və şagirdləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib, iki qardaş ölkənin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə çıxış edənlər Balıkesir Universitetinin tələbəsi olmuş Məmmədağa Səfərovun xatirəsini ehtiramla yad edib, onunla bağlı xatirələrini bölüşüblər.
Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsi zamanı göstərdiyi qəhrəmanlıq bədii kompozisiya ilə xatırlanıb.
Tədbirdə şəhidin adını daşıyan məktəbdə onun xatirəsinə həsr edilən guşənin açılışı olub.
Xatırladaq ki, Vətən müharibəsi zamanı Balıkesir Universitetində aldığı təhsilini yarımçıq qoyaraq cəbhəyə yollanan Məmmədağa Səfərov 2020-ci il oktyabrın 21-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə yüksəlib. O, ölümündən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.