Bakıda sərnişindaşıma vəziyyətini yaxşılaşdırmaq məqsədilə Türkiyədən alınan daha 150 avtobus Bakıya gətirilib.
Bu barədə “QİA.AZ” Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, 2021-ci il vətəndaşlara keyfiyyət və təhlükəsizlik baxımından müasir tələblərə uyğun sərnişindaşıma xidmətlərinin göstərilməsi baxımından yaddaqalan olub. Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahatlığını təmin etmək üçün avtobus parkının yenilənməsi cari ildə də davam etdirilib. Belə ki, 2020-ci ilin dekabrın 10-da Bakı Nəqliyyat Agentliyi ilə qardaş Türkiyə Respublikasının BMC şirkəti arasında imzalanan müqaviləyə əsasən, yeni alınan avtobusların 150 ədədi paytaxta gətirilib.
“Müasir sərnişindaşıma tələblərinə tam cavab verən və Avro 6 standartına uyğun avtobusların hamısı 12 metrlikdir. Yaxın vaxtlarda müqavilədə nəzərdə tutulan 170 ədəd 9 metrlik avtobusların istehsalçı şirkət tərəfindən şəhərimizə çatdırılması prosesinə başlanılacaq.
Avtobus parkının yenilənməsinə paralel sərnişindaşımalarda nağdsız ödəniş sisteminin əhatəsinin genişləndirilməsi işləri də davam etməkdədir. Cari ildə ümumilikdə 578 avtobus BakıKart-a inteqrasiya edilib.
Vətəndaş müraciətləri və gündəlik təhlillərin nəticəsi əsas götürülməklə 42 marşrut xətti optimallaşdırılıb, 7 müntəzəm marşrut xətti yenilənib, 14 yeni marşrut xətti təşkil edilib.
İl ərzində ictimai nəqliyyat infrastrukturunun yenilənməsi də diqqətdə saxlanılıb. Belə ki, 270-ə yaxın yeni avtobus dayanacaq məntəqəsi təşkil edilib. Sərnişindaşıma sahəsində görülən işlərin artıq müsbət təsirləri də hiss edilməkdədir. Bu mənada, ən əsas göstərici pandemiya zamanı ictimai nəqliyyatda dayanıqlılığın təmin olunmasıdır. Digər qeyd olunmalı məqam isə illik səyahət göstəricisidir. Müntəzəm marşrut xətləri üzrə avtobuslarla səyahət edənlərin sayı ötən illə müqayisədə 11 % artıb. Marşrut şəbəkəsində ümumi dövriyyənin 49 %-nin şəffaflaşdırılması da görülən tədbirlərin əsas nəticələrindəndir. Məlumat üçün qeyd edək ki, hazırda gündəlik olaraq 800 minə yaxın sərnişin ictimai nəqliyyatda nağdsız ödənişdən istifadə edir”, – məlumatda bildirilir.