Türkiyədən dəvət olunmuş mütəxəssislərlə təlimlərə başlanılıb

Fev13,2021

Türkiyədən dəvət olunmuş mütəxəssislərlə təlimlərə başlanılıb.

Bu barədə “QİA”-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Vətən müharibəsi ilə bağlı psixoloji problemlər yaşayan qazilərimizin, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvlərinin, erməni terrorundan fiziki və mənəvi zərər görmüş insanların psixoloji reabilitasiyasının daha səmərəli təşkili məqsədilə FHN-in dəvəti ilə qardaş Türkiyə Respublikasından bir qrup peşəkar klinik-psixoloq və psixoterapevt ölkəmizdə səfərdədir.

Səfər çərçivəsində FHN-in psixoloqları və Türkiyədən dəvət olunmuş mütəxəssislər arasında təcrübə mübadiləsi də aparılır. Həmçinin, fevralın 12-dən etibarən “Posttravmatik stress pozuntusunun müalicəsində effektiv terapiya metodları” mövzusunda təlimlərə başlanılıb. Təlimlərdə Vətən müharibəsi iştirakçıları, qazilər, o cümlədən doğmalarını itirmiş şəhid ailəsi üzvləri, erməni terrorundan zərər görmüş vətəndaşlarımızla aparılan terapevtik seansların nəticələri barədə müzakirələr aparılır, müharibənin mənfi fəsadlarının qısa müddətdə aradan qaldırılması üsulları təhlil olunur.

Təlimlərin bir ay müddətində keçirilməsi nəzərdə tutulub.

Oxşar Xəbərlər