Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Fetullah Gülen terror təşkilatı (FETÖ) ilə əlaqəsi olan şəxslərə qarşı genişmiqyaslı əməliyyatın keçirildiyini açıqlayıb.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, daxili işlər nazirinin sosial şəbəkələrdə dərc etdiyi yazıda deyilir ki, “Kıskaç-22” kod adı ilə aparılan əməliyyat artıq dörd gündür davam edir və Ankara, İzmir, Antalya və Bursa da daxil olmaqla, ölkənin 27 vilayətini əhatə edib.
FETÖ ilə əlaqədə şübhəli bilinən 74 şəxs saxlanılıb.
Nazir bildirib ki, saxlanılan şəxslər arasında Gülen terrorçuları tərəfindən fəal istifadə edilən ByLock şifrələnmiş informasiya mübadiləsi proqramının istifadəçiləri də var.
“Xalqın dəstəyi ilə FETÖ üzvləri və bu cinayətkar təşkilatla əlbir olanlara qarşı qətiyyətli mübarizəni davam etdirəcəyik”, – deyə nazir əmin edib.