“Türkiyə ilə Azərbaycan arasında əzəldən gələn ortaq tarixi və mədəni miras var”.
“QİA.AZ” xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy bildirib.
“İlk fürsətdə Azərbaycanı, işğaldan azad olunan Qarabağı ziyarət edəcəyik”, – o vurğulayıb.
M.N.Ersoy Türkiyə və Azərbaycan Birgə Mədəniyyət Komissiyasının iclasından sonra imzalanan protokolların bundan sonra ölkələr arasındakı əməkdaşlığın genişləndirilməsi baxımından çox yararlı olacağını bildirib: “İki qardaş ölkənin bir-birinə daha çox qaynaşması, birgə layihələrin daha yaxşı inkişafı üçün birlikdə hərəkət edəcəyik”.
Xüsusilə kino sahəsində əməkdaşlığın genişləndirilməli olduğunu diqqətə çatdıran nazir qeyd edib ki, Türkiyə dünyada serial eksportunda ikinci yerdədir və ölkə bu sahədə zəngin təcrübəyə malikdir: “Bundan başqa, Türkiyə milli və beynəlxalq səviyyədə restavrasiya işləri aparan ölkədir. Bununla bağlı təcrübələrimizi də azərbaycanlı qardaşlarımızla paylaşacağıq. İki tərəfin qurumları bir-birilərini ziyarət edərək bu təcrübələrin həm paylaşılması, həm də inkişaf etdirilməsi məsələsində birgə çalışacaqlar”.
Türkiyə ilə Azərbaycan arasında vizaların ləğvi məsələsinə toxunan Mehmet Nuri Ersoy bunun iki ölkə arasında səfərlərin daha da artmasına səbəb olacağını söyləyib: “Bundan sonra mədəniyyət sahəsindəki fəaliyyətlərimizə edəcəyimiz sərmayələrlə qardaşlığımızı bütün dünyaya bir dildən duyurmaq istəyirik”.