Prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin tapşırığına əsasən, hazırda Ermənistanın işğalından azad edilmiş Azərbaycan ərazilərinin bərpası istiqamətində çoxsaylı birgə layihələr həyata keçirilir. Təşəbbüslərin bir qismi Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin xətti ilə yerinə yetirilir. Biz bu prosesi yaxından izləyir və ona nəzarət edirik.
QİA.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyənin kənd təsərrüfatı və meşə nazirinin müavini Abdulkadir Polat deyib.
Onun sözlərinə görə, Azərbaycanda bəzi müştərək təşəbbüslər Türkiyə Meşə Baş İdarəsi vasitəsilə həyata keçirilir: “Söhbət, xüsusən, Türkiyə-Azərbaycan Meşə Təsərrüfatı Tədris Mərkəzi və Meşə Yanğınları ilə Mübarizə Tədris Mərkəzinin layihələrindən gedir. Bundan əlavə, Türkiyə Azərbaycanın meşə fondunun bərpası və artırılması üçün vaxtaşırı olaraq qardaş ölkəyə ağac tingləri göndərir”.
Nazir müavini xatırladıb ki, Türkiyə Meşə Baş İdarəsi 200 illik təcrübəyə malikdir. “Əldə etdiyimiz təcrübəni qardaş Azərbaycanın müvafiq strukturları ilə bölüşməyə hazırıq. Artıq bu istiqamətdə müəyyən işlər görülür”, – deyə Polat bildirib.
Nazir müavini diqqəti Antalyada Beynəlxalq Meşə Yanğınları ilə Mübarizə Mərkəzinin fəaliyyətinə yönəldib: “Bu mərkəzin yaradılmasından məqsəd təkcə Türkiyənin özündə kadrların hazırlanması və yanğınsöndürənlərin peşəkarlığının artırılması deyil, həm də dost ölkələrdən olan mütəxəssislərin, yanğınsöndürmə işçilərinin hazırlanmasına yardım etməkdir”.
Onun sözlərinə görə, Türkiyənin cənubunda fəaliyyət göstərən adıçəkilən mərkəzdə azərbaycanlı mütəxəssislər də hazırlanır. “Antalya Beynəlxalq Mərkəzi ərazinin relyefi, bitki örtüyünün növləri, küləyin sürəti və istiqaməti, bir çox digər amillərdən asılı olaraq yanğınlara necə effektiv cavab veriləcəyini izah edən simulyatorlarla təchiz edilib”, -deyə Polat bildirib.
Bundan başqa, Antalyadakı mərkəzin ərazisində yanğınsöndürmədə istifadə olunan müxtəlif növ texnikalar yerləşir. “Bu maşınlardan istifadə qaydaları ilə bağlı praktiki təlimlər keçirilir. Nəticədə mərkəzin bütün məzunları elmi yanaşmalara əsaslanaraq meşə yanğınları təhlükəsinə qarşı mübarizə aparmağa imkan verən hərtərəfli biliklər əldə edirlər”, – deyə nazir müavini bildirib.
Polat vurğulayıb ki, meşə yanğınları ilə mübarizə elmi-texniki biliklər tələb edir, əks halda, yanğınsöndürənlər və mülki şəxslər arasında tələfat riski yüksək olur.
Nazir müavini xatırladıb ki, 2021-ci ildə Türkiyədə baş verən genişmiqyaslı meşə yanğınlarının söndürülməsində Azərbaycandan olan yanğınsöndürmə briqadaları fəal iştirak edib. “Biz həm yanğınsöndürmə briqadaları, həm də texnika ilə köməyə görə qardaş ölkəyə minnətdarıq. Azərbaycanlı qardaşlarımız tam fədakarlıqla bizə meşələri xilas etməyə kömək etdilər. Türkiyə də qardaş ölkənin ilk çağırışında köməyə gəlməyə hazırdır”, -deyə nazir müavini əmin edib.
Polat qeyd edib ki, ötən gün daha bir dost ölkə – Şimali Makedoniya meşə yanğınları təhlükəsi ilə üzləşib və Türkiyədən oraya texniki heyət və helikopterlər göndərilib: “Eyni şəkildə Azərbaycana da dərhal kömək etməyə hazırıq”.
Müsahibənin sonunda nazir müavini meşə yanğınlarının monitorinqində PUA-lardan istifadə sahəsində Türkiyənin təcrübəsinin Azərbaycana ötürülməsi ehtimalı ilə bağlı sualı da cavablandırıb: “Əlbəttə, biz dronlardan istifadə təcrübəmizi bölüşməyə hazırıq. Azərbaycanın meşə təsərrüfatı sisteminin inkişafı ilə PUA-lardan istifadəyə tələbat getdikcə artacaq”.
O qeyd edib ki, meşələrin ərazisini və iqlim xüsusiyyətlərini nəzərə alsaq, Türkiyədə yanğın riski Azərbaycanla müqayisədə xeyli yüksəkdir: “Azərbaycanın iqlimi yanğınlara daha davamlıdır”.
“Sizi əmin edə bilərəm ki, Azərbaycan Türkiyənin istənilən yeni layihə və proqramlarını bölüşməyə hazır olduğu ölkələr siyahısına başçılıq edir”, -deyə Abdulkadir Polat əlavə edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara