Türkiyənin sığorta mütəxəssisləri Azərbaycanda təlim keçirib

Azərbaycan Mərkəzi Bankının (AMB) və “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin təşəbbüsü və təşkilatçılığı, Türk Sığorta İnstitutu Vəqfinin (TSEV) iştirakı ilə Türkiyənin təcrübəli sığorta təlimçilərinin genişmiqyaslı təlim proqramını Azərbaycanda həyata keçirməyə davam edir.

QİA.AZ -ın ASA-ya istinadən verdiyi məlumata görə, sayca 2-ci olan bu təlim sığorta satışı istiqamətinə həsr olunub.

Sığortaçıların maliyyə dayanıqlığının təmin edilməsində əhəmiyyətli rolu olan sığorta satışı təlimləri beynəlxalq təcrübəyə uyğun şəkildə həyata keçirilir. Mərkəzi Bankın önəmli layihələrindən biri olan risk əsaslı tənzimləmə və nəzarətə keçid addımlarının atılmasında sığorta satıcılarının bilik və bacarığının artırılması, eyni zamanda beynəlxalq təcrübəyə uyğunlaşdırılması bu təlimlərin önəm və mahiyyətini təsdiq edən başlıca faktorlardandır.

Növbəti aylarda sektordakı “Solvency II”, IFRS-17, anderaytinq, təkrarsığorta, zərərlərin tənzimlənməsi, müstəqil ekspertlər, marketinq və digər bu kimi vacib istiqamətlər üzrə də təlimlərin həyata keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, AMB, ASA və TSEV arasında əldə olunmuş razılığa əsasən reallaşdırılan bu layihələrin əsas məqsədi sığorta sektorunda kadr potensialının inkişaf etdirilməsi, peşəkar kadrların sayının artırılması və bütün bu faktorların uğurlu nəticəsi olaraq ölkədə sığorta sektorunun dayanıqlı inkişafının təmin olunmasına, nəticədə sığorta xidmətləri istehlakçılarının hüquqlarının qorunmasına töhvə verməkdir.

Ödənişli əsaslarla təşkil edilən bu təlim layihəsini müvəffəqiyyətlə bitirən iştirakçıya beynəlxalq dərəcəli sertifikatların təqdim edilməsi nəzərdə tutulur.

Oxşar Xəbərlər