Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 2 qazimiz sağalaraq Vətənə geri dönüb.
Bu barədə “QİA.az”a Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, qazilərimiz – Əliyev Nizami Eldar oğlunun və Rəhimzadə Əşrəf Valeh oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb. Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 54 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.
Qeyd olunub ki, “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.