Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevi qəbul edib.
“QİA.az” xəbər verir ki, görüşə vaxt ayırdığına görə Türkmənistan prezidentinə minnətdarlığını bildirən Rövnəq Abdullayev ona Azərbaycan Prezidenti İlham Əliyevin xoş sözlərini çatdırıb.
Görüş zamanı Azərbaycan və Türkmənistanın iqtisadiyyat, enerji və nəqliyyat-logistika baxımından nəhəng potensiala malik olduqları və bunun strateji vacib sahələrdə məhsuldar əməkdaşlıq üçün geniş imkanlar yaratdığı vurğulanıb.
Bununla bağlı neft-qaz sənayesində tərəfdaşlığın perspektivləri, birgə layihələrin həyata keçirilməsi perspektivləri haqqında fikir mübadiləsi aparılıb. Bu baxımdan, Xəzər dənizində yerləşən “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi ilə bağlı məsələlər ətraflı müzakirə olunub.
Yanvar ayında bu yataqla bağlı Azərbaycan və Türkmənistan arasında imzalanmış qarşılıqlı Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. Hazırda bu memorandumun əsasında ikitərəfli razılaşma layihəsinin hazırlandığı qeyd edilib.
Ölkəsinin yanacaq-energetika kompleksində qabaqcıl təcrübələrin və yüksək texnologiyaların, həmçinin ən son elmi-texniki nailiyyətlərin tətbiqi məsələsinə xüsusi diqqət ayırdığını bildirən Qurbanqulu Berdıməhəmmədov bu baxımdan qabaqcıl xarici şirkətlərlə qarşılıqlı maraq kəsb edən əməkdaşlığa daim hazır olduqlarını deyib.
Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti, öz növbəsində, Türkmənistanda neft-qaz sektorunun dinamik templərlə inkişaf etdiyini vurğulayaraq, bu sahədə böyük layihələrin həyata keçirildiyini deyib. Onun sözlərinə görə, bu, iki ölkə mütəxəssislərinin birgə məhsuldar fəaliyyəti üçün yaxşı zəmin yaradır.