Üç ayda Qarabağın bərpasına xərclənən vəsaitin miqdarı açıqlanıb

Apr17,2023

Bu ilin I rübündə Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasına və bərpasına 1 milyard 67 milyon manat vəsait yönəldib.

QİA.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.

Məlumata görə, bu, 2023-cü ilin dövlət büdcəsində sözügedən məqsədlə nəzərdə tutulmuş 3 milyard manat vəsaitin 35,5 %-i deməkdir. Həmin vəsait sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında istifadə olunub.

Rüblük xərcləmələrin 1 milyard 42,5 milyon manatı avtomobil yollarının layihələndirilməsi və tikilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, 13 milyon manatı işğaldan azad olunmuş ərazilərdə suvarma sistemlərinin yaradılması məqsədilə “Azərbaycan Meliorasiya və Su Təsərüffatı” ASC-nin, 6 milyon manatı işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi məqsədilə Minatəmizləmə Agentliyinin, 5,5 milyon manatı isə digər zəruri infrastrukturun yaradılması məqsədilə müvafiq icraçıların payına düşüb.

Hesabat dövründə sifarişçi təşkilatların müvafiq layihələr üzrə təqdim etdiyi kassa sifariş sənədləri əsasında dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin (2 milyard 650,4 milyon manat) 10,2 %-i və yaxud 269,2 milyon manatı xərc edilib.

Oxşar Xəbərlər