“Yanvarın 11-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında imzalanan üçtərəfli bəyanat Azərbaycanın milli maraqlarına cavab verir və 10 noyabrda imzalanmış üçtərəfli bəyanatın dəqiqliklə həyata keçirilməsinə hesablanıb”.
QİA.AZ xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Jalə Əhmədova deyib.
Deputat bildirib ki, yanvarın 11-də keçirilmiş üçtərəfli görüşün və 4 bənddən ibarət imzalanmış növbəti üçtərəfli bəyanatın çox böyük tarixi əhəmiyyəti var:
“İmzalanmış bəyanata uyğun olaraq Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək koridorun təmin edilməsi üçün lazımi tədbirlər görüləcək. Bu da 30 il blokada vəziyyətində olan Naxçıvanla birbaşa avtomobil və dəmiryolu əlaqəsi yaranması, gediş-gəlişin asanlaşdılrılması, nəqliyyata çəkilən xərclərin kifayət qədər azaldılması deməkdir. Digər vacib məsələ isə ondan ibarətdir ki, Azərbaycanla Naxçıvan arasında iqtisadi və nəqliyyat dəhlizinin işə düşməsi Türkiyə ilə quru əlaqələrimizin yaranması deməkdir ki, nəticədə Türkiyənin Azərbaycan üzərindən türk dünyasına asan çıxışı təmin edilir və bu coğrafiya ilə birbaşa bağlantısı əldə olunur”.
J.Əhmədova qeyd edib ki, imzalanmış bəyanata uyğun olaraq, hər üç ölkənin baş nazirlərinin müavinləri səviyyəsində işçi qrupu yaradılacaq:
“Bu işçi qrup imzalanmış bəyanatın 4-cü bəndində nəzərdə tutulmuş Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək. Yəni, burada bəndin icrası üçün dəqiq vaxt da müəyyənləşib və 2021-ci il martın 1-dək görüləcək işlərin dəqiq mexanizmi hazır olmalıdır”.
Deputat həmçinin deyib ki, bəyanat bütövlükdə regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpasına həsr olunub və bunun üçün konkret və işlək mexanizmi özündə əks etdirir:
“Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, “İmzalanmış bəyanat bizim niyyətlərimizə dəlalət edir. Nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının, bizim qonşularımızın mənafelərinə cavab verir. Əminəm ki, qonşu ölkələr də bizim regionda nəqliyyat dəhlizlərinin və nəqliyyat arteriyalarının şaxələndirilmiş şəbəkəsinin yaradılmasına fəal qoşulacaqlar”.