Ukrayna Alyansa üzvlüyə dair NATO-dan tövsiyələr alıb

NATO-ya üzv ölkələrin xarici işlər nazirləri noyabrın 29-da Brüsseldə keçirilən görüşdə Ukraynaya Alyansa daxil olmaq üçün ilkin islahatlar üzrə tövsiyələr təqdim ediblər. 

QİA.az AZƏRTAC-a istinadla xəbər verir ki,bu barədə NATO-nun Baş katibi Yens Stoltenberqin Brüsseldə mətbuat konfransındakı bəyanatına istinadla xəbər verir. 

“Biz NATO-da üzvlüyü müzakirə etdik və Ukraynada olacaq ilkin islahatlar üzrə tövsiyələrimizi verdik. Buraya korrupsiyaya qarşı mübarizə və insanların hüquqlarının dəstəklənməsi də aiddir. Ukrayna hazırda NATO-ya həmişə olduğundan daha yaxındır. Biz onun azadlıq uğrunda mübarizəsini və NATO-ya yolunu bundan sonra da dəstəkləyəcəyik”, – deyə Stoltenberq bildirib. 

NATO-nun Baş katibi qanunvericiliyə müəyyən dəyişikliklərin qəbul edildiyini vurğulayıb. Təhlükəsizlik sahəsində də dəyişikliklər baş verir və Ukrayna kəşfiyyat üzrə öz strukturlarını müasirləşdirir. “Korrupsiyaya və terrorizmə qarşı mübarizədən danışsaq, bu, Ukrayna üçün mühümdür. Axı bu, təcavüzkar ölkə kimi təkcə Rusiyaya qarşı mübarizə aparmağa deyil, həmçinin daha güclü dövlətə çevrilmək imkanı verir. Həm də NATO-ya daha yaxın olmağa kömək edir”, – deyə Baş katib diqqətə çatdırıb. 

Stoltenberqin sözlərinə görə, bugünkü görüşün mövzularından biri (Red. – Ukrayna-NATO Şurası xarici işlər nazirlərinin görüşü) NATO-ya üzv dövlətlərin adıçəkilən məsələlər üzrə Ukrayna ilə necə əməkdaşlıq edə bilmələri idi. 

“Alyansa üzv olmaq üzərində bundan sonra işləmək üçün biz Ukrayna-NATO Şurasından necə istifadə edə bilərik. Biz Ukrayna cəmiyyətinin müasirləşdirilməsi məsələləri barədə bundan sonra da danışmaq üçün iş proqramını müzakirə etdik. Qanunların bir hissəsi icra olunub, addımların bir hissəsi atılıb. Biz korrupsiya ilə mübarizədə müəyyən irəliləyişlər görürük və bu, davamı olacaq bir prosesdir”, – deyə Alyansın Baş katibi əlavə edib. 

Qeyd edək ki, Ukrayna-NATO Şurası 2023-cü ildə NATO-nun Vilnüsdə keçirilən Zirvə görüşünün yekunları əsasında yaradılıb. Şuranın xarici işlər nazirlərinin birinci görüşü 28-29 noyabr tarixlərində keçirilir.

Oxşar Xəbərlər