Dünya siyasəti institutu Ukraynanın xaricdəki səfirliklərinin və Ukraynada akkreditə edilmiş xarici diplomatik nümayəndəliklərin internet səhifələrində dərc edilən informasiyanın təhlili əsasında publik diplomatiya reytinqini tərtib edib.
QİA.AZ xəbər verir ki, keçən il əcnəbi diplomatlar pandemiya şəraitində işlədiklərinə baxmayaraq, onların çoxu yeni şəraitə uyğunlaşa bildiklərini nümayiş etdirib.
İnstitut bu reytinqi tərtib edərkən keçən ildə olduğu kimi bu dəfə də diplomatik nümayəndəliklərin fəaliyyətini qiymətləndirərkən onların öz rəsmi saytlarındakı informasiyanı əsas götürüb. İnstitutun tərtib etdiyi xüsusi qiymətləndirmə şkalasında dövlət rəhbərlərinin, parlament və hökumət rəhbərlərinin səfərləri, iqtisadi və siyasi əlaqələr, diaspor ilə dialoq nəzərə alınıb.
Ukraynada 100-dən çox xarici ölkənin diplomatik nümayəndəlikləri fəaliyyət göstərir. Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Elmira Axundova Ukraynada “Publik diplomatiya” reytinqinin liderlərinin ilk beşliyinə daxildir.
İnstitutun hesabatında deyilir: “Azərbaycanın səlahiyyətli nümayəndəsi Ukraynaya 2020-ci ilin baharında gəlməsinə və etimadnamələrini Prezident Vladimir Zelenskiyə təqdim etməsinə baxmayaraq, bu müddətdə Ukrayna KİV-lərinin diqqətini cəlb edə bilib. Xanım səfir ötən ilin payızında Dağlıq Qarabağda ölkənin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüşlər zamanı həm rəsmi informasiyadan istifadə etməklə, həm də özünün yazıçı istedadını səfərbər etməklə Azərbaycanın mövqeyini fəal müdafiə edib”.
Qeyd edək ki, reytinqin ən yaxşı liderlərinin ilk beşliyinə Albaniya Respublikasının Ukraynadakı fəxri konsulu, etnik azərbaycanlı Şahin Ömərov da daxildir.