Bu gün Ukrayna Silahlı Qüvvələrində müqavilə əsasında xidmət edən və ya müəyyən kateqoriyalar üzrə səfərbərlik çərçivəsində cəlb olunan qadınların sayı təxminən 45 min nəfərdir.
QİA.az xəbər verir ki, bunu “Report”un Şərqi Avropa bürosuna açıqlamasında Ukraynadan olan analitik Svetlana Kuşnir bildirib.
O qeyd edib ki, yeni qanun layihəsinin yaratdığı imkanlara görə, təbii ki, qadınların sayı daha çox olacaq: “Ölkəmizdə 10 ildir müharibə gedir. Ukraynanın müstəqilliyi uğrunda canlarından keçənlər əvəzedilməzdir. Onların sayı çoxdur. Biz istərdik ki müharibə mümkün qədər tez bitsin. Bu, təkcə Ukraynanın deyil, bütün dünyanın məsələsidir. Ukrayna isə döyüş təcrübəsini nəzərə alaraq müəyyən təhlükəsizlik konfiqurasiyasını təklif edir. Bu gün ordumuz döyüş əməliyyatlarında elə təcrübəyə malikdir ki, dünyanın bir çox ordusunda bu təcrübə yoxdur. Bu gün ölkədə qadınların sayı kişilərlə bərabərdir”.
Analitikin sözlərinə görə, hərbi komissarlıqlar qadınları qeydiyyata almağa hazırdırlar.
“Xüsusən də müəyyən kateqoriyalar olduğu üçün, məsələn, tibb və ya kibertəhlükəsizlik sahəsində təhsili olanlar müqavilə ilə hərbi qulluqçu ola bilərlər. Qadınlar üçün səfərbərlik və Ukrayna Silahlı Qüvvələrində xidmət könüllüdür. Qadınlarımızın gücü və potensialı çox böyükdür. Onlar bunun öhdəsindən gələ bilərlər”, – o əlavə edib.