Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Türkiyəyə aviareysləri dayandırmasından sonra ukraynalıların Türkiyəyə turist axınını artırmağın lazım olduğunu bildirib.
“QİA.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, Zelenskinin sözlərinə görə, ötən şənbə günü Türkiyəyə reallaşdırdığı səfəri zamanı bu ölkənin prezidenti ilə qarşılıqlı turizm üçün əlverişli şərait yaradılması məsələsini müzakirə edib.
“Biz Türkiyə Prezidenti ilə ukraynalı və türk turistlər üçün xüsusi şərtləri müzakirə edirik. Ukraynalıların və Türkiyə vətəndaşlarının turizm səviyyəsini necə artıracağımızdan danışırıq. Xüsusilə indi bir-birimizə dəstək olmalıyıq. O bizi, müstəqilliyimizi və suverenliyimizi dəstəkləyir. Moskvanın Rusiyadan Türkiyəyə turizmi məhdudlaşdıracaqları ilə bağlı qərarlarını eşitmisiniz. Ancaq bu, onların şəxsi işidir. Mən isə düşünürəm ki, əksinə, Türkiyəni dəstəklədiyimizi göstərməliyik”, – deyə Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasının ardından videoşərhində vurğulayıb.
Qeyd edək ki, koronavirus infeksiyasının yayılması ilə mübarizə üzrə Rusiyanın operativ qərargahı Rusiya ilə Türkiyə arasında hava nəqliyyatının 15 aprel – 1 iyun tarixlərində məhdudlaşdırılması barədə qərar verib.
QARABAĞ İNFORMASİYA AGENTLİYİ