Ukraynanın bir qrup media nümayəndəsi Vətən müharibəsinin informasiya cəbhəsində göstərdiyi səmərəli fəaliyyətə görə “Zəfər Media Mükafatı” ilə təltif olunub.
QİA.AZ xəbər verir ki, İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi tərəfindən təsis edilən “Zəfər Media Mükafatı”nın təqdimatı zamanı çıxış edən mərkəzin rəhbəri Samir Adıgözəlli 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun düşmən üzərində şanlı Qələbə qazandığını bildirib. Qeyd edib ki, Vətən müharibəsində xalqımız bir yumruq kimi birləşdi, hər kəs öz vəzifəsini layiqincə yerinə yetirmək üçün səfərbər oldu. Azərbaycan həm döyüş meydanında, həm də informasiya müharibəsində qalib gəldi. Bu mübarizədə Ukrayna dövləti də, mətbuatı da Azərbaycanın haqlı mübarizəsinə dəstək verdi.
Sonra tədbirdə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, azərbaycanlı jurnalist Möhsün Qədiroğlu, mükafatla təltif olunan ukraynalı media nümayəndələri – “5 kanal”ın Baş direktoru Vladimir Mjelskiy, Əməkdar jurnalist, teleaparıcı, “Kontinent“ televiziya layihəsinin rəhbəri Nadiya Baziv, “Ukrayna Milli İctimai Televiziya və Radio Şirkəti”nin aparıcısı Georgi Spasokukotskiy və Sergey Sivolal Azərbaycan ilə Ukrayna arasında media sahəsində əməkdaşlığın inkişafı, hər iki ölkənin jurnalistlərinin birgə platformada iştirakı barədə çıxış ediblər.
Qeyd edək ki, martın sonlarında İstanbulda Türkiyənin bir qrup jurnalisti “Zəfər Media Mükafatı” ilə təltif olunub.