“Ulu Öndərin Mirası – Gəncliyin Təminatı” layihəsi uğurla yekunlaşıb

Azərbaycan Respublikası Gənclər Fondunun  “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclər və gənclər təşkilatları üçün qrant müsabiqəsi çərçivəsindəkeçirilən “Ulu Öndərin Mirası – Gəncliyin Təminatı” layihəsi  uğurla yekunlaşıb.

Sudana Əsədovanın layihə rəhbərliyi ilə həyata silsilə təlimlər çərçivəsində müxtəlif mövzuları əhatə edən üç təlim təşkil olunub və bu təlimlərdə ümumilikdə 200-ə yaxın gəncin iştirakı təmin edilib. Təlimlər interaktiv formatda keçirilərək iştirakçıların bilik və bacarıqlarının artırılmasına, həmçinin onların şəxsi və ictimai inkişafına töhfə verməyə yönəlib.

İlk təlim siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Qoşqar Bəylərov tərəfindən keçirilib. “Sözümüz gücümüzdür” adlı təlimdə sosial medianın cəmiyyətdə rolu, ifadə azadlığının mahiyyəti və hüquqi sərhədləri, eləcə də söz azadlığından məsuliyyətli istifadə mövzuları müzakirə olunub. Təlim zamanı iştirakçılar mövzu ətrafında fikir mübadiləsi apararaq real nümunələr üzərindən öyrənmək imkanı əldə ediblər.

Növbəti təlim gənclərlə iş sahəsi üzrə mütəxəssis Nicat Dərgahlı tərəfindən “Hüququn işığında təhsil” mövzusunda olub. Təlimdə gənclər üçün mövcud təhsil imkanları, müxtəlif inkişaf proqramları və Ulu Öndər Heydər Əliyevin təhsil siyasətinin əsas prinsipləri barədə məlumat verilib. Eyni zamanda bu siyasətin gənclərin inkişafına təsiri vurğulanıb və iştirakçılara təhsil imkanlarından daha səmərəli istifadə etmələri üçün praktiki tövsiyələr təqdim edilib.

Layihə çərçivəsində keçirilən son təlim isə Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynovanın təqdimatında “Sağlam gənclik, sağlam gələcək” mövzusunda keçirilib. Təlim zamanı səhiyyə və sosial müdafiə hüquqları, psixoloji dəstək, sağlam qidalanma, ətraf mühit və gənclər üçün yaradılan imkanlar barədə geniş məlumat verilib. Qeyd edək ki, layihənin əsas məqsədi Azərbaycan Respublikasının Konstitusiyasında əksini tapmış hüquq və azadlıqları, xüsusilə Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi hüquqi-siyasi irsi gənclərə daha dərindən tanıtmaq, onların hüquqi biliklərini artırmaq və vətəndaş məsuliyyətini gücləndirmək olub.

Oxşar Xəbərlər