Ulu Öndərin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələridir

Ümummilli Lider Heydər Əliyevin Gürcüstanın Batumi şəhərində anım tədbiri keçirilib.

Qia.az xəbər verir ki, Azərbaycanın Batumidəki Baş Konsulluğunun təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə dahi şəxsiyyətin büstü önünə gül dəstələri düzüblər.

Sonra tədbirdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə baş konsul Fuad Əzizov çıxış edərək bildirib ki, Heydər Əliyevin Azərbaycanın sosial-siyasi, iqtisadi həyatı üçün etdikləri xalq tərəfindən unudulmur. Qeyd edilib ki, Azərbaycan xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrinin dirçəlişi Ulu Öndərin adı ilə sıx bağlıdır. Ümummilli Lider Azərbaycanı zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Fenomen şəxsiyyətin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil edir. Dövlətin mənafeyini təməl prinsip kimi qəbul edən Ümummilli Lider müstəqil Azərbaycanın memarı və qurucusudur.

Onun sözlərinə görə, Ulu Öndər Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarix yaradan şəxsiyyətdir.

Batumidəki azərbaycanlı icmasının nümayəndəsi həkim-kardioloq Mahir Balakişiyev bildirib ki, Ümummilli Liderin həyatı və fəaliyyəti müdriklik, güc və xalqına olan sonsuz sevginin parlaq nümunəsidir. Dahi şəxsiyyət Azərbaycan və Gürcüstan arasında dostluq və əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində əsas rol oynayıb. Onun səyləri nəticəsində ölkələrimiz arasında iqtisadiyyatdan mədəniyyətə, enerjidən humanitar əməkdaşlığa qədər müxtəlif sahələri əhatə edən strateji tərəfdaşlığın əsası qoyulub.

Azərbaycan ilə Gürcüstan arasındakı əməkdaşlıq Qafqazın sabitliyi və rifahı üçün mühüm amildir.

Batumidə yaşayan soydaşımız iş adamı Ruslan Həmidov çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev dahi siyasətçi kimi dövrlər, mədəniyyətlər və xalqlar arasında körpülər qurmağı bacaran fenomen şəxsiyyətdir. Heydər Əliyevin irsi yalnız keçmişlə məhdudlaşmır. Bu irs bu gün də yaşayır və gələcəyə yönəlib.

Rəsmi çıxışlardan sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Dahi Şəxsiyyət” sənədli film nümayiş etdirilib.

Tədbirin sonunda qonaqlara ehsan süfrəsi açılıb.

Oxşar Xəbərlər