Ülviyyə Həmzəyeva: “Bu addım şəhid ruhlarına,şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir”

27 sentyabr- Bütün Şəhidlərimizin Anım Günüdür!
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.
Bunu QİA.AZ-a Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva deyib.

Ü.Həmzəyeva bildirib ki, bu gün biz 44 günlük Vətən müharibəsinin il dönümünü qeyd edirik və bütün dünya bizim qəhrəman övladlarımızın şücaətini gördü. Xalqımızın birliyi, iradəsi və əzmkarlığı bizi qələbəyə gətirdi. Xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurdu. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirmişdir.
Hər zaman xalqın dəstəyinə arxalanan Prezident və öz Prezidentinə arxalanan xalq, qarşılıqlı olaraq düşmənə həm də mənəvi sarsıntı yaşatdılar. Çünki xalqla hakimiyyətin birliyi hər an görülməkdə idi və bu gün də görünür.
Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmiş, Azərbaycana qarşı informasiya blokadasını yarmış, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. Bu müsahibənin hər biri Azərbaycanın diplomatik uğurudur – beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə təzyiqlər cəhdinin qarşısı müvəffəqiyyətlə alınmışdır.
Azərbaycanın tarixinə Qələbə səhifəsi yazılmışdır. Cənab Prezidentə xalqın etibarı və ehtiramı sonsuzdur. Azad edilmiş ərazilərə səfərləri ilə Ölkə Rəhbəri öz sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirdi.
Bu yaxınlarda Heydər Əliyev Fondunun Şuşada  keçirdiyi ,,Vaqif Poeziya günlərinin” açılış mərasimində iştirak etdim! Həmin mötəbər tədbirdə bir daha Prezidentimiz və tariximizlə fəxr etdim!
Yol boyu vəhşicəsinə dağıdılmış kəndlər, yandırılmış meşələr və bir çox abidələrimizi qırılmış tökülmüş gördükcə ürəyim sızlayırdı….Lakin biz Şuşaya Zəfər yolu ilə gedirdik! Yol boyu insanlarımızın texnika gücünə gördükləri işləri görüb sevinirdik…Artıq torpaqlarımız da 30 illik əsarətdən xilas oldu. Qarabağ torpağı rahat nəfəs alır. Artıq torpaqlarımızda sevincli uşaq gülüşləri eşidilir, qədim küçələrimizi çörək ətri bürüyür…Həyat davam edir!
Və bu Ali Baş Komandanımızın və qorxmaz, Müzəffər ordumuzun sayəsindədir! Heç nə və heç kəs unudulmayacaq!
Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu göstərmişdir. Siyasi partiyalar tərəfindən ümumilikdə 8 birgə bəyanat və 2 müraciət imzalanmışdır. Burada “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və dövlət sərhədinin Tovuz istiqamətində törətdiyi təxribatları ilə əlaqədar”, “Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına dair”, “Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı”, “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə əlaqədar” bəyanatlar, həmçinin “Dağlıq Qarabağ məsələsində Fransanın mövqeyinə dair” və müharibə dövründə 16 beynəlxalq təşkilata Azərbaycan ziyalılarının və vətəndaş cəmiyyəti üzvlərinin (o cümlədən 50 siyasi partiyanın) müraciətləri xüsusi olaraq qeyd olunmalıdır. Bəli bu Milli həmrəyliyimizin bariz nümunəsi idi.
30 ildə havadarlarına arxalanan Ermənistandakı hərbi-siyasi xuntalar güman edirdilər ki, “xilaskar”ları bu dəfə də onların köməyinə gələcək. Lakin 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin fevralın 25-də Bakının Ramana qəsəbəsindəki yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimindəki çıxışında yumruğunu düyünləyərək bildirmişdir: “Əgər kimsə revanşist fikirlərlə yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu bitdi, yoxdur və olmamalıdır”. Rəsmi İrəvanın revanşist cəhdləri sadəcə intihar Ermənistan dövlətçiliyinin sonu ola bilər. Ermənistan bundan sonra öz gələcəyi haqqında düşünərkən gərək qonşu ölkələrin torpaqları haqqında xəyallara qapılmasın.
Düşmənlərimiz 44 günlük Vətən müharibəsində Azərbaycan dövlətinin və xalqının qüdrətini gördü və bu yolda öz canlarından keçən hər bir Şəhidimizin ruhu qarşısında baş əyir, ruhunuz şad olsun deyir, ehtiramımızı bildiririk!

Oxşar Xəbərlər