Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar-FOTO

Apr23,2024

Bakı Dövlət Universitetinin (BDU) İnformasiya və sənəd menecmenti fakültəsində 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar keçirilib.

BDU-dan QİA.az-a bildirilib ki, seminarda Redaksiya-nəşriyyat işi kafedrasının müdiri dosent Knyaz Aslan “Azərbaycanda müəlliflik hüququ: tarix, ənənə, təcrübə” mövzusunda məruzə edib. Tədqiqatçı əvvəlcə Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin irsində kitab, müəllif, müəllif hüququ anlayışlarını özündə əks etdirən nümunələri səsləndirib.

Azərbaycanda müəlliflik hüququ ənənələrinin uzaq dövrlərə gedib çıxdığını bildirən məruzəçi “Kitabi-Dədə Qorqud” dastanının buna ən yaxşı nümunə olduğunu qeyd edib. O, Dastanda Dədə Qorqudun hər boydakı əhvalatların sonunda söz söyləməsini tarixi abidəyə öz möhürünü vurması kimi səciyyələndirib. Bu ənənənin sonralar istər aşıq yaradıcılığında, istərsə də klassik yazılı ədəbiyyatda şeirlərin son bənd və son beytlərindəki möhürbəndlə davam etdirildiyini xatırladan Knyaz Aslan bütün bunların müəlliflik hüququ anlamına uyğun gəldiyini söyləyib.

Məruzəçi Ümumdünya Kitab və Müəlliflik Hüquqları Günü münasibətilə hər il keçirilən tədbirlərdə müəlliflərin, kitab ticarətçilərinin, nəşriyyat şirkətlərinin, rəssamların, tərcüməçilərin bir araya gəldiyini, bu tədbirlər vasitəsilə keçmişlə gələcək arasında varislik əlaqəsinin yaradıldığını, nəsillərin və mədəniyyətlərin inteqrasiyasının bütövlükdə bəşəriyyətə xidmət etdiyini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatına, eyni zamanda, müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində beynəlxalq konvensiya və müqavilələrə qoşulub. Ölkəmizdə bu sahədə hüquqi baza formalaşdırılıb, Ulu Öndər Heydər Əliyev tərəfindən “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, “Kitabxana işi haqqında”, “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının qanunları imzalanıb.

Tədbirdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyəti geniş şərh edilib, bu sahədə dövlət siyasəti barədə məlumat diqqətə çatdırılıb.

Sonra müzakirələr aparılıb.

Oxşar Xəbərlər