Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən dekabrın 12-də Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordusu, hərbi birlik və birləşmələr, xüsusi təyinatlı təhsil müəssisələrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə bir sıra tədbirlər keçirilib.
Bu barədə “QİA.AZ” Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Şəxsi heyətin və ictimaiyyət nümayəndələrinin də iştirak etdiyi tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirlərdə çıxış edənlər Ulu Öndərimizin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən danışıblar. Qeyd edilib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzu artıb, hərtərəfli inkişafa nail olunub, müstəqilliyimizin əbədi və dönməz olması təmin edilib.
Bu gün digər sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də Ulu Öndərin siyasi xətti Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirlərdə ulu öndər Heydər Əliyevin şərəfli həyat və fəaliyyətindən bəhs edən sənədli filmlər nümayiş etdirilib.