UNEC-də “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans keçirilir-FOTO

Apr24,2024

Aprelin 24-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.

Universitetdən QİA.az-a bildirilib ki, konfransın açılışında çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov tədbirin universitetdə keçirilməsinin təsadüfi olmadığını bildirərək, qondarma “erməni soyqırımı” ilə bağlı həqiqətlərin dünyaya, beynəlxalq aləmə çatdırılmasında məhz elm adamlarının ən güclü təbəqə olduğunu deyib. Hər hansı soyqırımının təsdiq edilməsinin mütləq şəkildə faktlar tələb etdiyini deyən professor Ədalət Muradov 1915-ci il hadisələri barədə çıxış edərək, dünyanın tanınmış siyasətçilərinin və ictimai xadimlərinin qondarma soyqırımı barədə söylədikləri tarixi həqiqətləri iştirakçıların diqqətinə çatdırıb.

Konfransda iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı çıxışı zamanı 1915-ci ildəki hadisələri “soyqırımı” adlandırmağın heç bir məntiqə sığmadığını, Türkiyənin həmin hadisələrin araşdırılması üçün ortaq komissiyanın yaradılmasını təklif etsə də, Ermənistanın hələ də bu təklifə cavab vermədiyini deyib.

Beynəlxalq konfrans Milli Məclisin deputatları Naqif Həmzəyev, Anar İsgəndərov, Musa Qasımlı, TOBB İqtisadiyyat və Texnologiya Universitetinin rektoru professor Yusuf Sarınay, Türk Dünyası İqtisad fakültəsinin dekanı professor Mehmet Yüce, professor Solmaz Rüstəmova-Tohidinin qondarma “erməni soyqırımı”, eləcə də ermənilərin Azərbaycanda həyata keçirdikləri soyqırımı və kütləvi qırğınlar barədə tarixi faktlara əsaslanan maraqlı çıxışları ilə davam edib.

Sonra konfransın panel müzakirələri aparılıb.

Beynəlxalq konfrans aprelin 25-də yekunlaşacaq.

Oxşar Xəbərlər