Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Xəzər İntellektual Gənclər Klubu” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıda və regionlarda gənclər arasında “Nə? Harada? Nə zaman?” formatında keçiriləcək intellektual oyun üzrə “Universiada” layihəsinin seçim turlarına yekun vurulub.
QİA.az xəbər verir ki, seçim turlarında çıxış edən layihə rəhbəri Azad Manaflı layihə barədə danışaraq qeyd edib ki, seçim turlarının 3 rayonda təşkil olunmasına baxmayaraq, gənclər tərəfindən layihəyə maraq olduqca böyükdür. Bunun nəticəsində də layihəyə qısa müddətdə 80-dən artıq komanda qeydiyyatdan keçib. Qeydiyyatdan keçən komandalar arasında baş tutacaq seçim turlarından sonra Azərbaycanın müxtəlif universitetlərində təhsil alan tələbələrdən ibarət 20 komanda final mərhələsində iştirak etmək hüququ əldə edib.
Layihənin əsas məqsədi Bakı və regionda təhsil alan tələbə gəncləri intellektual oyunlara cəlb etməklə, onlara Azərbaycan dili və ədəbiyyatı, tarixi, adət-ənənələri, milli-mənəvi dəyərləri, incəsənəti, musiqisi, kinosu, coğrafiyası haqqında biliklərinin artmasına təkan vermək, bu mövzularda daha çox maariflənmələrinə dəstək olmaq və hərəkata yeni gənclərin qoşulmasını təmin etməkdən ibarətdir.
Layihə çərçivəsində qeyd edilən ərazilərdə seçim turları keçirilib və artıq final mərhələsində öz universitetini təmsil etmək hüququ əldə etmiş 20 komandanın adları məlumdur. Final 2 iyun tarixində Bakı şəhərində “Mercury Hotel”in akt zalında təşkil ediləcək.
Qeyd edək ki, final mərhələsində qalib komandaları kubok, medal və s. dəyərli hədiyyələr gözləyir.