“UrbanVisions” Beynəlxalq Gənclər Forumu keçirilib

Qia.az xəbər verir ki, 6-8 dekabr tarixlərində Gənclər və İdman Nazirliyinin dəstəyi və Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə Bakıda “UrbanVisions” Beynəlxalq Gənclər Forumu baş tutub.

Gənclər və İdman Nazirliyinin gənclər təşkilatlarının 2024-cü il üzrə fəaliyyətinin dəstəklənməsi məqsədilə elan etdiyi qrant müsabiqəsi çərçivəsində keçirilən Forum ekoloji cəhətdən dayanıqlı və insanyönümlü şəhərlərin yaradılmasına dair ən yaxşı təcrübələri paylaşmaq məqsədilə 11 ölkədən 70 gənci bir araya gətirib.

Sağlam və davamlı şəhərlərin inkişafında gənclərin rolunu artırmaq məqsədi daşıyan tədbirin onlayn mərhələsində dayanıqlı şəhərsalma mövzularında ekspertlər tərəfindən hazırlanmış videoları izləyən iştirakçılar praktiki təlimlərə də qatılıblar. Bu mərhələ gənclərə dünya təcrübələrini öyrənmək və nəzəri biliklərini praktikada tətbiq etmək imkanı yaradıb.

Forumun oflayn mərhələsində isə iştirakçılar 6 komandaya bölünərək, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən seçilmiş və Bakının Baş planında göstərilmiş iki ərazi üzrə 6 layihə hazırlayıblar. Sonra münsiflər heyəti tərəfindən seçilən iki ən uğurlu layihə gələcəkdə layihələndirilmək üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilib.

Forum çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, habelə “MANARCH”, “Mühit”, Rusiyanın “Uranistik İslahatlar” və Qırğızıstanın “Addcompany” memarlıq büroları ekspertlərinin iştirakı ilə panel müzakirələr də təşkil olunub.

Oxşar Xəbərlər