Çin hökumətinin Şərqi Türküstan bölgəsindəki yerli əhali olan uyğurlar və digər milli azlıqlara qarşı təzyiqlərə, insan hüquqları pozuntularına dair iddialar bu gün Londonda işə başlayan ictimai “Uyğur məhkəməsi” tərəfindən araşdırılır.
“QİA.az” xarici KİV-ə istinadən xəbər verir ki, hər hansı rəsmi dəstəyə arxalanmayan, qərarları hüquqi qüvvəyə malik olmayan bu məhkəmə uyğur sürgünlərini birləşdirən Dünya Uyğur Konqresinin müraciəti əsasında təşkil edilir. Məhkəməyə artıq onlarla insan öz hesabat və sənədlərini göndərib.
Tanınmış insan hüquqları vəkili, vaxtilə Beynəlxalq Cinayət Məhkəməsində (ICC) Serbiyanın keçmiş prezidenti Slobodan Miloseviçlə bağlı, habelə digər məsələlərin təhqiqatına başçılıq etmiş Cefri Naysın (Geoffrey Nice) rəhbərliyindəki bu ictimai məhkəmənin ilk sessiyası iyunun 4-dən 7-dək baş tutacaq, ikinci sessiyası isə sentyabr ayına nəzərdə tutulur.
Məhkəmənin dindirdiyi ilk şahid Urumçi şəhərindən olan milliyətcə özbək müəllimə Qəlbinur Siddiq yerli partiya rəhbərliyi tərəfindən “yenidən təlim düşərgələri”nə Çin dilindən dərs keçmək üçün cəlb edildiyini, həmin düşərgədə saxlanılan uyğurlara, xüsusilə qadınlara qarşı işgəncələrə, təhqirlərə, zorlamalara şahid olduğunu, özünün isə sonsuzlaşdırılmağa məcbur edildiyini bildirib.
İctimai məhkəmənin təşkilatçılarının qənaətincə, uyğurlara qarşı Çin dövləti tərəfindən bu cür təzyiqlərə dair iddiaların əyani sübutlarla ortaya çıxarılması onlara qarşı beynəlxalq miqyasda məqsədyönlü tədbirlərə rəvac verəcək. Məhkəmənin aralarında hüquqşünaslar və insan hüquqları ekspertlərinin olduğu doqquz britaniyalı üzvü Çin hökumətini soyqırımında ittiham edən bir hesabat hazırlayaraq dekabr ayında ictimailəşdirmək niyyətindədirlər. Təşkilatçılar Çin rəsmilərinin məhkəmədə iştirak etmək təklifini qulağardına vurduqlarını bildiriblər. “Uyğur məhkəməsi” Çin hökuməti tərəfindən “kütləvi istehsal olunan yalan” olaraq qiymətləndirilib.
Xatırladaq ki, BMT İnsan Hüquqları Şurasına görə, Çinin Sincan Uyğur Muxtar Bölgəsində 1 milyondan artıq yerli millətlərdən olan sakin toplama düşərgələrində saxlanılır.