Gündəm

Vətən müharibəsində iştirak etmiş müəllimlərə həsr olunmuş tədbir keçirilib-FOTO

Gənclərin Vətən müharibəsindən sonra zəfər ruhunda formalaşması istiqamətində silsilə tədbirlər həyata keçirən “İrəli” İctimai Birliyi Azərbaycan Gənc Müəllimlər Assosasiyası ilə birgə “Zəfər Forumu: Tarix Yazan Müəllim” layihəsini həyata keçirib.

QİA.AZ xəbər verir, 8 Noyabr – Zəfər Gününə həsr olunmuş forumda bir sıra dövlət və hökumət rəsmiləri, jurnalistlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, təhsil işçiləri iştirak ediblər.

Tədbirin girişində Azərbaycanın Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir zamanı 44 günlük ikinci Qarabağ müharibəsində ölkəmizin müəllimlərinin, təhsil işçilərinin Azərbaycanın ən yeni tarixinin bir parçası olduğu, onların şücaəti və qəhrəmanlığı sayəsində ölkəmizin bu müharibədə böyük uğurlar qazandığı vurğulanıb.

Əvvəlcə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov qonaqları salamlayaraq, rəhbəri olduğu ali təhsil müəssisəsinin məzunlarının, hazırda pedaqoji fəaliyyətlə məşğul olan gənclərinin böyük əksəriyyətinin 44 günlük Vətən müharibəsində iştirak etməsini qeyd edib. Gənclərin vətənpərvərlik ruhunda formalaşması istiqamətdə dövlətimizin həyata keçirdiyi siyasətə öz töhfələrini verdiyini bildirən Cəfər Cəfərov bundan sonrada daim qarşılıqlı əməkdaşlığa hazır olduğunu vurğulayıb.

Daha sonra çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib ki, müharibə zamanı qələbənin əldə olunmasında Azərbaycanın təhsil işçilərinin rolu danılmazdır.

Təhsil nazirinin müavini Muxtar Məmmədov diqqətə çatdırıb ki, II Qarabağ müharibəsi başlayan gündən təhsil işçiləri də könüllü olaraq döyüşə qatılaraq, şanlı qələbənin qazanılmasına onlar da öz töhfələrini vermişlər. Bu müharibədə 700-dək təhsil işçisi böyük qəhrəmanlıqla döyüşüb. Müharibə zamanı 20-dən çox nəfər təhsil işçisi şəhidlik zirvəsinə ucalıb. “Vətən müharibəsinədək tarix dərsi tədris edən müəllimlərin müharibədə özlərinin cəbhədə tarix yazmasından qürurlu heç nə ola bilməz”,- deyə nazir müavini qeyd edib.

Gənclər Fondunun gənclərlə iş şöbəsinin müdiri Faiq Məmmədov bildirib ki, Fond 2021-ci ildə zəfər ruhunun gənclərə aşılanması istiqamətində “İrəli” İctimai Birliyi ilə tərəfdaşlıq 5-dən çox genişmiqyaslı layihə icra edib. Vətən müharibəsində iştirak etmiş müəllimlərimizə təşəkkürünü çatdıran Faiq Məmmədov onlara zəfər tariximizin gənclərimizə təbliği işində uğurlar arzulayıb.

Milli Məclisin deputatı Müşfiq Cəfərov “İrəli” İctimai Birliyi və Azərbaycan Gənc Müəllimlər Assosasiyası tərəfindən keçirilən layihələrin Vətən müharibəsində öz töhfəsini verdiyini vurğulayıb, bundan sonra da zəfər ruhunun aşılanması istiqamətində komandaya uğurlar arzulayıb.

44 günlük Vətən müharibəsinin iştirakçısı, “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı qeyd edib ki, təşkilat tərəfindən indiyədək ölkə gəncliyinin düşüncəsində Vətənə sədaqət məfkurəsinin genişləndirilməsinə yönəlik bir sıra tədbirlər həyata keçirilib. Bildirilib ki, Birliyin son illərdə “Marş İrəli”, “Gənclər Kuboku: Hərb Oyunları”, “Virtual Məkanda Azərbaycan”, “YayFest: Vətənpərvərlik düşərgəsi” və s. kimi genişmiqyaslı layihələrin təşkilatçısı olması görülən işlərin əyani sübutudur.

Azərbaycan Gənc Müəllimlər Assosasiyasının sədri Rüfət Əsədzadə çıxışı zamanı rəhbəri olduğu təşkilatın fəaliyyəti boyu gənc müəllimlər üçün davamlı öyrənmə imkanları yaradılmasında, müsbət gənc müəllim imicinin formalaşmasında, həmçinin bu imicin təbliğ olunmasında töhfələr verdiyini qeyd edib. Məhz forum müddətində təqdim olunan videoçarx da bu istiqamətdə həyata keçirilən dövlət siyasətinə dəstək məqsədi daşıyır. Təşkilat rəhbəri bundan sonra da, “İrəli” İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində layihələrin keçirilməsində maraqlı olduğunu vurğulayıb.

Əlaqəli xəbər

Back to top button