Vəkilliyə qəbulla bağlı test imtahanında 139 nəfər uğur qazanıb

Mayın 26-da Dövlət İmtahan Mərkəzinin (DİM) Elektron imtahanlar korpusunda Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) və DİM ilə birgə ARVK-ya və Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyasına (NMRVK) vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçirilib.

QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə, gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq daimi əsaslarla aparılan sənəd qəbulu nəticəsində 600 nəfər vəkilliyə namizədin sənədləri qəbul edilib.

Üç saat davam edən test imtahanında 555 nəfər iştirak edib. ARVK-ya qəbulla bağlı test imtahanında iştirak edən 530 namizəddən 132 nəfəri, NMRVK-ya sənəd verən 25 namizəddən isə 7 nəfəri uğur qazanıb.

Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat nümayəndələri iştirak ediblər.

ARVK-ya qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanan namizədlər Sənəd Qəbulu Komissiyasına iyunun 10-dan iyulun 20-dək sənədləri təqdim etməlidirlər.

NMRVK-ya qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsindən uğur qazanan namizədlərə ixtisas imtahanlarının şifahi müsahibə mərhələsi ilə bağlı əlavə məlumat veriləcək.

Qeyd edək ki, vəkilliyə qəbul üçün təqdim olunan sənədlərlə ilkin doldurulan ərizə-anket formasında qeyd edilən məlumatlar arasında ziddiyyət aşkar olunarsa və ya namizəd vəkilliyə qəbul üçün lazım olan tələblərə cavab verməzsə, növbəti mərhələyə buraxılmayacaq.

Oxşar Xəbərlər