Aprelin 26-da Xətai rayonunda yerləşən 48 saylı tam orta məktəbdə Vətən Müharibəsi Qəhrəmanı, şəhid Ceyhun Həsənovun büstünün açılış mərasimi keçirilib.
QİA.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdən əvvəl Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla anılıb.
Açılış mərasimində çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev bildirib ki, Azərbaycan xalqı heç zaman şəhidlərini unutmur. Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun 44 günlük müharibədəki şücaətlərindən danışan icra başçısı deyib: “Dövlətimiz tərəfindən şəhidlərimizə, qazilərimizə və müharibə veteranlarına hər zaman diqqət və qayğı göstərilib”.
Yeni Azərbaycan Partiyası (YAP) Xətai Rayon Təşkilatının sədri Vüqar Rəhimzadə qeyd edib ki, şəhidlərin və qəhrəmanların Azərbaycan tarixində adları əbədi həkk olunub, Azərbaycan vətəndaşlarının qəlbində onlar üçün əbədi olaraq abidə ucaldılıb: “48 saylı tam orta məktəbin şagirdləri və məzunları olan şagirdlərin sənədlərində Ceyhun Həsənovun adı olacaq. Qəhrəmanlarımızın adlarını əbədiləşdirmək Prezident, Müzəffər Ali Baş Komandanın həyata keçirtdiyi siyasətin tərkib hissəsidir. Onların adlarını gələcək nəsillər də bilməlidirlər”.
Rayon Ağsaqqallar Şurasının sədri, şəhid mayor Rüfət Əsgərovun atası Mürvət Əsgərov, Heydər Əliyev adına Hərbi İnstitutun rektoru vəzifəsini icra edən Nizami Mövlanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai Rayon İdarəsinin rəisi Yalçın Sadıqlı şəhidlərimizin dövlətimiz və Ali Baş Komandan tərəfindən heç zaman unudulmadığını, Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimiz daim xalqımızın qəlbində yaşayacaqlarını vurğulayıblar. Çıxış edənlər Ceyhun Həsənovu nəinki hərbi təhsil aldığı illərdə, eləcə də döyüşdə özünü bacarıqlı hərbçi kimi göstərməsindən də danışıblar.
Sonda şəhidin atası Aydın Həsənov çıxış edərək Ceyhun Həsənovun büstünün açılışında iştirak edən, zəhməti olan insanlara minnətdarlığını ifadə edib.
Qeyd edək ki, şəhid Ceyhun Aydın oğlu Həsənov 1985-ci il oktyabrın 29-da Tovuz rayonunda anadan olub. 1992-2001-ci illərdə Xətai rayonunda Ə.Abbasov adına 257 nömrəli tam orta məktəbdə, 2001-2003-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) “Motoatıcı” ixtisası üzrə ali hərbi biliklərə yiyələnib. O, 2009-2019-cu illərdə Naxçıvanda yerləşən “N” saylı hərbi hissədə, 2019-cu ildən isə o, Beyləqan rayonundakı “N” saylı hərbi hissədə xidmət edib.
Kapitan Ceyhun Həsənov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə igidliklə vuruşub, Füzulidə şəhid olub. İkinci Fəxri xiyabanda dəfn edilib.
Prezident İlham Əliyevin 2020-ci il 9 dekabr tarixli Sərəncamına əsasən Ceyhun Həsənov ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Şəhid “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə də təltif olunub.
Bakı şəhərinin Xətai rayonunda yerləşən 48 nömrəli tam orta məktəbə Vətən Müharibəsi Qəhrəmanı şəhid Ceyhun Həsənovun adı verilib.