Vətən müharibəsinə həsr olunan fotojurnal işıq üzü görüb

Azərbaycanın 44 günlük Vətən müharibəsinə həsr edilən ilk fotojurnalın təqdimat mərasimi keçirilib.

QİA.AZ” xəbər verir ki, ölkənin tanınmış fotoqrafları Əziz Kərimov, Roman Ağayev və Ehtiram Cəbiyevin ikinci Vətən müharibəsində lenta aldığı fotolardan ibarət jurnalın təqdimat mərasimi keçirilib.

Mərasimdə tanınmış ictimaiyyət xadimləri, ziyalılar, jurnalistlər, hərbçilər, diplomatlar, din xadimləri iştirak ediblər.

Mərasim şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Visiontv.az xəbər portalının baş redaktoru Şöhrət El-Dəniz bildirib ki, bu gün təqdim olunan jurnalda müəlliflər həyəcan, emosiya, sevgi və nifrəti öz çəkdiyi fotolarla çatdırıblar: “Rəşadətli ordumuzun əldə etdiyi şanlı zəfərdə jurnalistlərimizin, eləcə də fotoqraflarımızın böyük əməyi olub. Onlar 44 günlük Vətən müharibəsində ən ekstremal şəraitdə düşmən gülləsi ilə üzbəüz dayanaraq o anları fotolara əks etdirə biliblər. Bu sahədə onların əməyini yüksək qiymətləndiririk”.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində müzəffər ordumuz işğal altında olan torpaqları azad edərək qələbəni bəxş edib: “Ümummilli lider Heydər Əliyevin siyasi xəttinin davamçısı Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin “Dəmir yumruğu”nun ətrafında Azərbaycan xalqı sıx birləşərək düşmənə qarşı böyük fəxarətlə vuruşdu. 44 günlük Vətən müharibəsində jurnalistlərin də əməyi qiymətləndirilir. Məhz jurnalistlərin düzgün və operativliyi nəticəsində cəmiyyətə dolğun və vaxtında informasiyalar çatdırıldı. Fotoqrafların cəbhədə çəkdiyi fotolar həm ölkəmizin, həm də xarici medianın gündəmində oldu. Bu gün təqdim edilən jurnal böyük əhəmiyyətə malikdir”.

Daha sonra çıxış edən fotoqraflar müharibə ilə bağlı xatirələrini bölüşüblər. Onlar Azərbaycanın igid hərbçilərinin torpaqlarımızın düşmən tapdağından azad edilməsi naminə ölümə getməyə hazır olduqlarını, dinc sakinlərin isə Ermənistan silahlı qüvvələrinin ağır artilleriya atəşinə və raket hücumlarına baxmayaraq, ordumuzdan dayanmamağı və sona kimi getməyi xahiş etdiklərini söyləyiblər.

Tədbirin sonunda fotoqraflar Əziz Kərimov, Roman Ağayev və Ehtiram Cəbiyev Visiontv.az xəbər portalı tərəfindən “Fəxri Fərman”la təltif olunublar.

Oxşar Xəbərlər