Vətən üçün doğulub, Vətən üçün şəhadət edən qəhrəman- FOTO

Noy24,2021

Böyük Türk milləti “Ölsəm şəhid, qalsam qazi”, “Torpaq – uğrunda ölən varsa, Vətəndir” şüarları ilə tarixdə zəfərlər qazanmışdır. Tarix boyunca şəhidlik xalqımızın mənliyində yaşayan yüksək əxlaqi keyfiyyət olmuşdur. Xalqımız Vətən və müqəddəs dəyərlər naminə həmişə döyüşmüş, bu yolda ölməyi yaşamaqdan üstün tutmuşdur.
“Şəhadət şərbətini içmək” onların sarsılmaz imanı idi. Haqqında məlumat verəcəyim qəhrəmanımız leytenant Ceyhun Dünyamalıyevdə bu amalla yaşayıb sağlığında.
Ceyhun hələ ibtidai sinifdə təhsil almağa başladığı illərdə vətənpərvərliyi müəllimlərinin diqqətini cəlb edib. Ceyhun dərslərini yaxşı oxumaqla yanaşı mehriban xarakteri, cəsurluğu və aktivliyi ilə məktəbdə hörmət qazanıb.
Qəhrəmanımızın anım günü məzarını və ailəsini ziyarət etdib həmsöhbət olduq.
Evin böyük oğlu Dünyamalıyev Ceyhun Zeynal oğlu 1996-cı ildə oktyabrın 15 də Culfa şəhərində anadan olub. Özündən sonra dünyaya göz açmış bir bacı və iki qardaşlarının böyük qardaşı olan Ceyhun 2003-cü ildə Culfa şəhərində 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olub, 2011-ci ildə 8-ci sinifi bitirdikdən sonra arzusunda olduğu hərb sənətinin ardınca gedir. Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyinə qəbul olur. Ceyhun hərbi təhsilini 2014-cü ildən Heydər Əliyev Azərbaycan Ali Hərbi Məktəbində uğurla davam etdirir. 2018-ci ildə məktəbi müvəffəqiyyətlə, sertifikata layiq görülərək bitirdikdən sonra ilk hərbi fəaliyyətinə Beyləqan rayon hərbi hissəsində rabitəçi olaraq başlayır. 2020- ci ildə isə 2016- cı ildə uğurlu hərbi əməliyyatla düşməndən azad edilmiş Lələtəpə yüksəkliyində yerləşən bölmədə xidmət edir.
Bir neçə ay sonra o Xüsusi Təyinatlı Qüvvələrin Kurslarına qatılır. Uğurla bitirdiyi təlimlərdən sonra, İsmayıllı şəhərində 2 aydan artıq çəkən kursu da başa vurduqdan sonra 052 saylı hərbi hissədə xidmətə davam edir. Xidməti dövründə sonuncu dəfə 2020-ci ilin aprel ayının 2- sində ailəsi ilə görüşən Ceyhun bir də 6 aydan sonra onlara baş çəkir.
Xidməti dövründə leytenan Ceyhun Dünyamalıyev Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi yubiley medalı ilə təltif edilib.
2020-ci ildə sentyabrın 27-də Vətən müharibəsi başlanan kimi Ceyhun da daxil olduğu hərbi hissənin xüsusi təyinatləları ilə birgə döyüşlərə qatılır.
Ailəsi ilə həmsöhbət olduğumuzda qəhrəmanımızın demək olar ki, bütün kənd və rayonların işğaldan azad olunmasında iştirak etdiyini öyrəndik. Atası Zeynal Dünyamalıyev bildirdi ki, Ceyhun Füzuli, Zəngilan, Cəbrayıl, Xocavənd, Hadrut, Daşaltı əməliyyatında, Şuşa və ətraf kəndlərin alınmasında şücaət göstərib. Adını qəhrəmanlar sırasına qızıl hərflərlə yazan Ceyhunla çiyin-çiyinə düşmənə qarşı döyüşən dostları ailəsinə onun igidliyindən, mərdliyindən, qorxmazlığından ağızdolusu danışıblar . Döyüşlərin birində Ceyhunun yüksək rütbəli iki yoldaşı yaralananda birinin yarasının ağır olduğunu görüb dərhal yerdən qaldırır avtomobilə qədər arxasında aparır. Kapitan zabit yoldaşı öhdəliyində olan bütün əsgərlərini Ceyhuna əmanət edib. Komandirinin əmrini yerinə yetirən igidin savaşdakı qəhrəmanlıqlarını yaralanmış zabit yoldaşı müharibədən sonra anası Gülnarə xanıma zəng vuraraq danışıb və minnətdarlığını bildirib. Ceyhunun qardaşı Coşqun deyir: Qardaşım Vətənini çox sevirdi. Hər dəfə anamla danışarkən “tək arzum Vətən uğrunda şəhid olmaqdır” deyib.
Ceyhun sonuncu dəfə noyabrın 2-si evlərinə zəng edir. Danışanda ” Ana Şuşa şəhərinə daxil oluruq. Sənə oradan zəng edəcəm.” deyən Ceyhuna anası “oğlum qorxmursan ki döyüşəndə?” gülərək belə cavab verir qəhrəmanımız : “niyə qorxmalıyam?. düşmən məndən qorxsun”. Ceyhun döyüşlər zamanı ayağıdan ağır şəkildə yaralanır. Buna baxmayaraq ac-susuz 6 gün ərzində döyüş bölgəsindən ayrılmır və sözün əsl mənasında qanın son damlasına kimi düşmənlə savaşır. Son tapşırığı Şuşa şəhərinin azad edilməsində cəsur döyüşçü noyabrın 8-i Şuşa döyüşlərində əlbəyaxa döyüş zamanı ayağından qəlpə yarası alır və qələbəyə cəmi 2 saat qalmış çox qan itirdiyindən şəhidlik zirvəsinə ucalır. Ailəsi ondan 9 gün xəbər ala bilməmişdi.
“Noyabır ayının 12-si idi. Vətən müharibəsində xalam oğlu Məmmədli Nicat da şəhid olmuşdu. Onun yas mərasiminə getməyə hazırlaşanda telefon zəngi gəldi və mənə Ceyhunun yaralandığını dedilər. Lakin ertəsi gün oğlumun şəhid olduğunu öyrəndim. Oğlum uşaqlığında da, gəncliyində də hər zaman fəxr edəcəyim bir övlad olub. Ömrünün 24- cü baharında əbədiyyətə qovuşan mərd oğlumla indi bütün Azərbaycan xalqı fəxr edir.” -deyən qəhrəman anası igid övladı ilə nə qədər övünsə azdır. Çünki Ceyhun kimi Vətənə, millətə, ailəyə sevgi, xain düşmənə nifrət hissi ilə yaşayan el oğullarımızın canı bahasına Vətən torpaqları işğaldan azad edildi. Onlar 30 illik qisası sonrakı nəsillərə saxlamadılar.
Şəhidimiz noyabr ayının 13-ü böyük ehtiramla və alqışlarla qarşılanaraq doğulduğu şəhərdə torpağa tapşırılıb.
Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ceyhun Dünyamaliyev 26 iyun 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə”,”Şuşanın azad olunmasına görə” “Cəbrayılın azad olunmasına görə” “İgidliyə görə” ,”Xocavəndin azad olunmasına görə” və “3-cü dərəcəli rəşadət ordeni ilə təltif olunub.
Vətən onu bir əsgər kimi yetişdirirdi.Torpağı işğaldan azad edəcək yürüşə qoşulan bir əsgər kimi… Bir gün tanrı istədiyini verdi. Silahı ilə üzü düşmənə sarı getdi. Vətəni üçün doğulan Ceyhun, Vətəni uğrunda canından keçdi.
Ruhun şad olsun şəhidim.

Bəxtiyar Əliyev

Oxşar Xəbərlər