“Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən respublikamızın hər yerində olduğu kimi, Naftalan şəhərində də əhalinin peyvənd olunması prosesi davam edir. Məqsəd ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxmanın və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.
Naftalan Şəhər İcra Hakimiyyətindən QİA.AZ-a bildirilib ki, bu günə kimi şəhər sakinlərinin 30 faizindən çoxu COVID-19 infeksiyasına qarşı peyvənd olunub.
Bu göstərici ilə Naftalan respublika tabeli şəhərlər içərisində ilk yerdədir. Ümumilikdə isə Naftalan şəhəri respublika üzrə yalnız Qazax rayonundan geri qalır.
Qeyd edilib ki, Naftalanda vaksinasiya prosesinə bu ilin yanvarından başlanılıb. Tibb müəssisələrində xüsusi vaksin otaqları və peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatına uyğun zəruri şərait yaradılıb.
Hazırda yüksək risk qrupuna aid olduqları üçün təhsil sahəsində çalışan işçilərin və şəhərdə fəaliyyət göstərən sanatoriyaların əməkdaşları vaksinasiya prosesinə cəlb olunublar.
Vaksinasiyaya gələnlər əvvəlcə həkim müayinəsindən keçir, qeydiyyatı aparıldıqdan sonra isə vaksinasiya otaqlarına göndərilirlər. Vaksin olunmuş vətəndaşlar 30 dəqiqə ərzində nəzarət altında saxlanılır və səhhətində hər hansı bir problem olmadıqda evə buraxılır.